|
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
III BÖLMƏ
SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ
ON ALTINCI FƏSİL
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
Maddə 113. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi
Maddə 114. Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi
Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət
Maddə 116. Seçki komissiyaları tərəfindən cərimələrin tətbiq edilməsi
--------------------------------------------------------------------------------
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən qərardan, hərəkətdən (hərəkətsizlikdən), bunlar cinayət məsuliyyətinə səbəb ola bilərsə, müvafiq məhkəmə və ya prokurorluq orqanlarına şikayət verilə bilər.
112.3. Şikayət ilkin olaraq qərarı qəbul edən və ya hərəkəti (hərəkətsizliyi) edən seçki komissiyası tərəfindən təmin edilməzsə, yuxarı seçki komissiyasına müraciət oluna bilər. Mərkəzi Seçki Komissiyası nəticə etibarilə şikayəti təmin etməzsə, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə müraciət hüququ əldə edirlər. Yurisdiksiya münaqişəsinin qarşısını almaq məqsədi ilə müvafiq seçki komissiyası həmin iş üzrə şikayətin məhkəməyə və ya prokurorluğa verilib-verilməməsini yoxlamalıdır. Şikayətlə əlaqədar cinayət işi qaldırılıbsa və ya şikayətə məhkəmə tərəfindən baxılırsa, bu Məcəllənin 112.2-ci maddəsində göstərilən meyarlara uyğun olaraq məhkəmə şikayətin mahiyyətini araşdırmalıdır və əsas olduqda şikayətə baxmaqdan imtina etməlidir. Digər əsaslarla şikayət ərizəsinin qəbul edilməsindən imtina edilə bilməz. Mərkəzi Seçki Komissiyasının və onun vəzifəli şəxslərinin qərar və hərəkətlərindən Apellyasiya Məhkəməsinə şikayət edilir.
112.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər.
112.5. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq seçki komissiyalarının qərarlarını (səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərarlar da daxil olmaqla) ləğv edə bilər.
112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).
112.8. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.
112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək və ya şikayətin mahiyyəti üzrə qərar qəbul etmək və ya bu məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.
112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırdar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Maddə 113. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi
113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə, məhkəməyə müraciət etmək barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.
113.2. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina haqqında və qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğvinə dair məhkəməyə müraciət barədə aşağıdakı hallarda qərar qəbul edə bilər:
113.2.1. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun bu Məcəlləyə uyğun təqdim etdiyi məlumatlar həqiqi olmadıqda və onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla);
113.2.2. namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda ( bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
113.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;
113.2.4. mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;
113.2.5. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.6. siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki (referendum) kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.7. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki (referendum) kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.8. namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilkin maliyyə hesabatını təqdim etmədikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.10. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.2-88.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı çap, audiovizual seçki materiallarının buraxılması, yayılması və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.11. qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;
113.2.12. dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda.
113.3.Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Məcəllənin 113.2.3, 113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.
113.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.
Maddə 114. Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi
114.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında Apellyasiya Məhkəməsinə müraciət edə bilər.
114.2. Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.
114.3. Seçki dairəsində seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər.
114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.
114.5. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.
Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət
115.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:
115.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;
115.1.2. seçilmək məqsədi ilə özünün vəzifə və ya xidməti mövqeyindən imtiyaz kimi istifadə edənlər;
115.1.3.namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;
115.1.4. seçiciləri ələ alanlar, yəni bu Məcəllənin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;
115.1.5. qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;
115.1.6. namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
115.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;
115.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;
115.1.9. bu Məcəllənin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar yaxud xeyriyyə xidmətləri göstərənlər;
115.1.10. seçki kampaniyasının maliyyələşdirilməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;
115.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;
115.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə qeyri-qanuni müdaxilə edənlər;
115.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar;
115.1.14. səsvermənin gizliliyini pozanlar;
115.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;
115.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;
115.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;
115.1.18. vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;
115.1.19. seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;
115.1.20. bu Məcəllədə nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;
115.1.21. seçki komissiyalarının bu Məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri.
Maddə 116. Seçki komissiyaları tərəfindən cərimələrin tətbiq edilməsi
Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimə tətbiq etmək hüququna malikdirlər.
|