|
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
VII BÖLMƏ
BƏLƏDİYYƏ SEÇKİLƏRİ
OTUZ DÖRDÜNCÜ FƏSİL
BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR
Maddə 210. Bələdiyyə seçkilərinin əsasları
Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti
Maddə 212. Bələdiyyələrə üzv seçilmək hüququ
Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
--------------------------------------------------------------------------------
Maddə 210. Bələdiyyə seçkilərinin əsasları
210.1.Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.
210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:
210.2.1. əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;
210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;
210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;
210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;
210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;
210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;
210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;
210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü.
Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti
211.1.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
211.2. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.
211.3.Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Maddə 212. Bələdiyyələrə üzv seçilmək hüququ
Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.
213.2. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
|