
Dünən Milli Məclisin (MM) növbəti iclası keçirilib və iclasda 3-cü çağırış parlamentə üzv seçilmiş millət vəkillərinə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən deputatlıq mandatları paylanılıb. 6 noyabr seçkilərinin Azərbaycan xalqının həyatında tarixi əhəmiyyət kəsb edən bir hadisə çevrildiyini deyən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər çox demokratik, şəffaf keçib: "Bu seçkiləri 2000-ə qədər yerli və beynəlxalq müşahidəçi, kütləvi informasiya vasitələrinin təmsilçiləri izləyib. Eyni zamanda, hesab edirəm ki, bütün seçki strukturları bu seçkilərin demokratik keçirilməsi üçün əlindən gələni edib. Seçkilər və ümumilikdə seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib".
MSK sədri seçkilərin demokratik və şəffaf keçirilməsində dövlət başçısı İlham Əliyevin 11 may və 25 oktyabr tarixli sərəncamlarının müstəsna rol oynadığını dilə gətirib.
M.Pənahovun qısa çıxışından sonra millət vəkillərinə deputat mandatları paylanıb və ilk mandatlar parlament rəhbərliyilə qadın millət vəkillərinə təqdim olunub.
Qeyd edək ki, müxalifətçi deputatlar parlamentə qatılmadıqları üçün, onlara deputat mandatları təqdim olunmayıb, daha doğrusu, həmin millət vəkillərinin adlarının elan edilməsi məqsədəuyğun sayılmayıb.