| 21.12.05 14:56 (728 dəfə oxunub)
10 seçki dairəsində keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) atacağı addımlar artıq müəyyən olunub. MSK-dan APA-ya daxil olan məlumata görə, prezidentin seçki ilə bağlı sərəncamı dərc olunduğu gündən vətəndaşlara namizədliyini irəli sürmək hüququ verilsə də, bu günə qədər bu hüquqdan istifadə edən olmayıb. MSK-nın məlumatına görə, namizədin müdafiəsi məqsədilə onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçici imzalarının toplanması üçün namizədin özünə və ya səlahiyyətli nümayəndəsinə, partiya və bloklara imza vərəqələrinin verilməsi səsverməyə ən azı 70 gün qalana kimi yekunlaşacaq. İmza vərəqəsinin verilməsinin son həddi mart ayının 3-də saat 18.00-da başa çatacaq. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması müddəti də həmin gün başa çatır. Deputatlığa namizədlərin qeydə alınıb-alınmamasına isə namizədin imza vərəqələrini geri qaytarmasından sonra 5 gün müddətində baxılıb müvafiq qərar qəbul edilməlidir. Ümumilikdə isə namizədlərin qeydə alınması ilə bağlı müəyyən olunan son müddət mart ayının 13-də başa çatır.
Seçki Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının siyahısının dərc edilməsi isə müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən, seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən ən geci 50 gün ərzində müəyyənləşməlidir. Bunun üçün ayrılmış müddət yanvarın 29-da başa çatır. |