| 23.12.05 14:53 (1261 dəfə oxunub)
"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının taleyi müzakirəyə çıxarılacaq, ancaq məsələ ləğv edilmiş dairələrdə təkrar seçkiyəcən təxirə salına da bilər". Bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross "Azadlıq" radiosuna müsahibəsində bildirib ("Trend"). "Biz nümayəndə heyətinin mandatı ilə bağlı məsələyə yanvarda, yoxsa təkrar seçkidən sonraya saxlamaqla bağlı qərar verəcəyik" - deyən A.Qross bildirib ki, Azərbaycanla bağlı qətnamə qəbul etməyə ehtiyac yoxdur. A.Qrossa görə, Azərbaycan nümayəndə heyətinin mandatını təzələmək məsələsinə sessiyanın birinci günü - yanvarın 23-də baxılacaq, əgər rəy mənfi olsa, yaxud mandat şübhə altına alınsa, onlar sessiyanın keçirildiyi həftə ərzində məruzə hazırlayacaqlar.
A.Qross onu da bildirib ki, AŞPA prezidenti Rene van der Linden gələn ilin yanvarında əvvəlcədən nəzərdə tutulan səfərlə Bakıya gələ bilməyəcək. Onun sözlərinə görə, yanvarın ortalarında Bakıya monitorinqə gələcək missiyaya həmməruzəçilər, hollandiyalı deputat Leo Platvoet və bir neçə başqa deputat daxil olacaq. |