Nəticələr : Əvvəlki parlamentin 52 üzvü yenidən deputat seçilə bilib
7.12.05 17:05 (736 dəfə oxunub)
Konsititusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini təsdiq etməsindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrdə müəyyən dəyişikliklər edilib. Bu haqda APA-ya məlumat MSK-nın "Seçkilər" İnformasiya Mərkəzindən daxil olub. Hazırda 115 deputatla fəaliyyət göstərən parlamentdə partiya mənsubiyyətinə görə 56 YAP, 40 bitərəf, 5 Müsavat, 3 partiya mənsubiyyətini göstərməyən şəxs, 2 AVP, 2 VHP üzvü, Ümid, Sosial Rifah, Xalq Cəbhəsi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyalarının hər birindən isə bir nümayəndə təmsil olunur. 2000-2005-ci illərdə deputat olmuş şəxslərdən yalnız 52-si yenidən deputat seçilə bilib.
Nəticələr : Seçkilərin nəticələri bu gün Konstitusiya Məhkəməsinə göndəriləcək
24.11.05 12:10 (341 dəfə oxunub)
<b>MSK-nın dünənki iclasında qurumun 11 üzvü lehinə, 4 nəfər isə əleyhinə olmaqla, 6 noyabr seçkilərinin nəticələrinin təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsinə qərar verilib</b>
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün dairə seçki komissiyalarının protokollarının onlara əlavə edilən sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsi müzakirəyə çıxarılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, MSK-ya daxil olan müraciətlərin araşdırılması artıq başa çatdırılıb. Ümumilikdə komissiyaya 538 müraciət daxil olub. M.Pənahov deyib ki, qanunvericiliyə görə, MSK seçkidən sonra 20 gün ərzində bütün müraciətləri yoxlamalı, seçkinin nəticələrini araşdırıb yekun protokolları Konstitusiya Məhkəməsinə göndərməlidir. M.Pənahov MSK-nın Seçki Məcəlləsinə uyğun olaraq yekun protokolları artıq hazırladığını diqqətə çatdırıb.
Nəticələr : MSK daha 139 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib
23.11.05 12:18 (341 dəfə oxunub)
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib (APA). Toplantıda ilk olaraq Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın seçkilərin ümumi yekunları haqqında protokolunun nümunəsi təsdiqlənib. Daha sonra bir sıra Seçki Dairəsinin (SD) seçki məntəqələrində baş verən qanun pozuntularına diqqət yetirilib. Nəticədə 139 seçki məntəqəsində seçkinin nəticələri ləğv olunub. Məruzəçilərin təqdimatından sonra 97 saylı Goranboy-Ağdam-Tərtər, 26 saylı Sabunçu, 104 saylı Gədəbəy-Tovuz, 108 saylı Ağstafa, 57 saylı Kürdəmir, 65 saylı Saatlı-Sabirabad, 70 saylı Masallı, 72 saylı Yardımlı-Masallı, 76 saylı Lənkəran - Astara, 84 saylı Füzuli seçki dairələrində bir neçə seçki məntəqəsinin seçkinin nəticələri ləğv edilib. MSK katibi Vidadi Mahmudlu bildirib ki, sonuncu dairədə DSK üzvləri ilə bağlı şikayət daxil olub. Buna görə də ayrı-ayrı məntəqələrdə yox, ümumilikdə dairədə seçkinin nəticələrinin ləğv olunmasına diqqət yetirmək lazımdır. Amma bu təklif MSK rəhbərliyi tərəfindən qəbul edilməyib.
Nəticələr : MSK daha 16 seçki dairəsinin bəzi məntəqələrinin nəticələrini ləğv edib
22.11.05 11:14 (362 dəfə oxunub)
Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda bir neçə dairə seçki komissiyalarının qanun pozuntularına yol verilmiş seçki məntəqələrinin nəticələri barədə müzakirələr aparılıb. MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov, MSK üzvləri İlham Məmmədov, Yusif Bağırzadə, Ramiz İbrahimov, Azər Tağıyev, Fuad Cavadov, Qabil Orucov araşdırma apardıqları ayrı-ayrı seçki dairələrinin məntəqələri üzrə nəticələr barədə məlumat veriblər. Natiq Məmmədov deyib ki, 19 saylı Nərimanov seçki dairəsinin 8 saylı məntəqəsinin protokollarında uyğunsuzluqlar var. Onun təklifi əsasında 8 saylı məntəqənin nəticələri ləğv olundu.
Nəticələr : 38 saylı Nizami (Gəncə) II SD-də seçkilərin nəticələri ləğv edilib
15.11.05 17:51 (340 dəfə oxunub)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib (APA). İclasda 38 saylı Nizami (Gəncə) II Seçki Dairəsində (SD) baş verən qanun pozuntuları müzakirəyə çıxarılıb. MSK üzvü Ramiz İbrahimov bu dairənin 7, 8, 9, 14, 16, 17 saylı seçki məntəqələrində səslərin sayılmasında və protokollarda səslərin bölüşdürülməsində ziddiyyətlərin olduğunu bildirib. Onun sözlərinə görə, bu dairənin 2, 4, 21, 22, 24 saylı məntəqələrində isə səsvermə prosesində bir sıra qanun pozuntusu, həmçinin polisin müdaxiləsi aşkar olunub. Natiq bildirib ki, göstərilən faktlar əsas verir ki, sözügedən məntəqələrdə seçkinin nəticələri ləğv olunsun. MSK üzvü onu da qeyd edib ki, DSK bu dairədə yerləşən 15 saylı seçki məntəqəsinin nəticələrini ləğv edib. Ləğv olunan məntəqələrin sayı ümumi məntəqələrin 2/5-dən, səsləri ləğv olunan seçicilərin sayı isə ümumi seçicilərin sayının ¼-dən çox olduğundan ümumilikdə dairənin nəticələri ləğv olunmalıdır.
Nəticələr : 110 saylı Zaqatala SD üzrə nəticələr etibarsız hesab edilmişdir
12.11.05 23:32 (317 dəfə oxunub)
Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Komissiyanın üzvü İlham Məmmədov 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinə dair məsələ ilə bağlı məruzə etmiş, bu dairədən seçkilərin nəticələri ilə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 110 saylı Zaqatala seçki dairəsinin 1, 2, 6, 8, 10, 15, 17, 19, 20, 22, 24, 25, 26, 31, 33, 34, 36, 37 və 40 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda yolverilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır.
Nəticələr : “PA Consaltinq Group”un nəticələrində 3 gün sonra kəskin dəyişikliklər edilib
11.11.05 16:22 (376 dəfə oxunub)
PA Consaltinq Group” şirkətinin parlament seçkiləri zamanı keçirdiyi “exit-poll”un nəticələri ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxıb. Əsas ziddiyyətli məqam şirkətin seçkilərdən dərhal sonra saytda yerləşdirdiyi rəqəmlərlə hazırda saytda olan rəqəmlər arasında ciddi fərqlərin olmasıdır. Qeyd edək ki, APA İnformasiya Agentliyi seçkilər başa çatdıqdan sonra “exit-poll”un nəticələrini “online” sistemi ilə gün ərzində yayımlayıb. Nəticələr rəsmi saytda yerləşdirildikdən sonra “APA” ayrı-ayrı dairələrdə “exit-poll”un nəticələri ilə bağlı məlumat hazırlayıb. Noyabrın 7-də isə “exit-poll”un tam nəticələri cədvəl şəklində agentliyin rəsmi saytında (www.apa.az) yerləşdirilib. Lakin “exit-poll”un nəticələri açıqlandıqdan 3 gün ərzində “PA Consaltinq Group”un açıqladığı rəqəmlərdə dəyişiklik edilib. Ümumilikdə 65 seçki dairəsində “exit-poll” keçirilib, üç gün ərzində isə bu dairələrdən 22-də “exit-poll”un nəticələri dəyişdirilib. “Exit-poll”un nəticələrinin sonradan dəyişdirilməsi praktikası mövcud deyil, çünki çox cüzi qisim seçici arasında keçirilən “çıxışda sorğu”nun nəticələri hesablanan zaman ciddi səhvlərə yol verilməsi ehtimalı çox azdır. Digər tərəfdən “PA Consaltinq Group” “exit-poll”un nəticələrini bütün dairələr üzrə eyni zamanda deyil, 15-25 dəqiqə fərqlə açıqlanıb. Bəzi dairələr üzrə nəticələrin hesablanmasına 2 saat, bəzi dairələr üzrə isə 16 saat vaxt lazım gəlib.
Nəticələr : MSK üst-üstə 21 məntəqədə seçkinin nəticələrini ləğv edib
10.11.05 22:17 (515 dəfə oxunub)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib (APA). Toplantıda quruma daxil olan şikayətlərə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, quruma daxil olan 4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən (SD) daxil olan şikayətlərə görə 2 saylı məntəqədə səsvermə zamanı və səslərin sayılmasında pozuntulara yol verilib. Buna görə də qurum həmin məntəqənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edib. 11 saylı Qaradağ SD-də isə deputatlığa «Azadlıq» blokunun namizədi Yaqub Abbasov 19 məntəqənin protokollarını MSK-ya təqdim edib və bu məntəqələrin nəticələrinə görə qalib gəldiyini bildirib. N, Məmmədov isə deyib ki, təqdim olunan protokollarda qaralamalar var, məntəqə seçki komissiyası üzvlərinin imzaları şübhə doğurur, həmçinin, möhürlər də şübhəlidir. O bu protokollarda namizəd və yaxud ona yaxın adamlar tərəfindən düzəlişlər edilməsinin güman olunduğunu söyləyib. Buna görə də N. Məmmədov daxil olan protokollardan yalnız 3-nün sənəd kimi qəbul olunmasını mümkün sayıb. Həmçinin daxil olan aktların da kserosurət olduğunu bildirərək, bunların hüquqi sənəd kimi qəbul edilməsini mümkünsüz hesab edib.
Nəticələr : MSK daha 12 məntəqədə seçkilərin nəticələrini ləğv etdi
10.11.05 12:33 (329 dəfə oxunub)
<b>İlkin nəticələrə görə Arzu Səmədbəyli önə çıxıb</b>
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib (APA). MSK katibi Natiq Məmmədov bildirib ki, komissiyaya 8 saylı Binəqədi birinci seçki dairəsinin məntəqələrindən şikayətlər daxil olub. Araşdırmalar zamanı həmin dairədə olan 34 məntəqədən 12-də ciddi qanun pozuntuları aşkarlanıb. N.Məmmədov bu səbəbdən 12 məntəqənin nəticələrinin ləğv olunmasını təklif edib. MSK katibi onu da vurğulayıb ki, 12 məntəqənin nəticələrinin ləğvi ümumi nəticələrə təsir etmir. MSK-nın AXCP-dən olan üzvü Mənsum Bayramov isə bildirib ki, komissiya bu cür qərarları qəbul edəndə tələskənliyə yol verməməlidir: "42 saylı Sumqayıt ikinci seçki dairəsinin nəticələrini ləğv etdik. Sonradan məlum oldu ki, protokolların nəticələrinə görə Flora Kərimova qalib çıxıb". N.Məmmədov isə qeyd edib ki, kimlərinsə əlində protokolların olması fakt deyil: "MSK ona daxil olan şikayətlərə operativ baxaraq qərar çıxarır. Komissiyanın qərarının düzgün olub-olmamasını isə məhkəmə müəyyən edə bilər". Sonda məsələ səsə qoyularaq 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 məntəqəsində səsvermənin nəticələri ləğv olunub. İclasdan sonra jurnalistlərin suallarını cavablandıran MSK sədri Məzahir Pənahov bildirib ki, 12 məntəqədə nəticələrin ləğvindən sonra ilkin nəticələrə görə Arzu Səmədbəyli önə çıxıb. Əvvəlki nəticələrdə isə Elşad Abdullayev liderlik edirdi.