ANA SƏHİFƏ
SEÇİN Kİ, SEÇİLƏSİNİZ! 15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir.
daha çox oxuyun    [1] [2] [3]  
[26.08.2003] LİDERLƏR BUŞA MÜRACİƏT EDİBLƏR
Eli Kerimli: “Kim 2-ci tura keçse, diger partiyalar onu müdafie edecek”
Avqustun 23 ve 24-de AMİP sedri Etibar Memmedov, AXCP sedri Eli Kerimli (“islahatçılar”), ADP sedri Resul Quliyev ve Müsavat başqanı İsa Qember Londonda davamlı görüşler keçirib. Eli Kerimli bildirib ki, görüşlerde 15 oktyabr seçkilerinde müxalifetin daha uğurla iştirakı ve qelebesini temin etmek üçün görülecek işlerle bağlı uzun müzakireler aparılıb.
“Görüşlerin neticesi olaraq dörd müxalifet partiyası seylerini bir araya getirerek Demokratik Sabitlik İttifaqında (DSİ) birleşmek barede qerar qebul edib. DSİ seçki prosesi Konstitusiyaya, demokratik prinsiplere uyğun keçirilmesi ve indiki hakimiyyetin meğlubiyyetiyle neticelenmesiyle bağlı seyler gösterecek.
E.Kerimli, hemçinin liderlerin DSİ-nin fealiyyet prinsiplerini ve fealiyyetinin hedeflerini müeyyen eden iki protokol imzaladığını bildirib.
O, dörd partiya sedrinin beynelxalq teşkilatlara, o cümleden ABŞ prezidenti Corc Buşa müraciet ünvanladığını da qeyd edib: “Senedlerde Azerbaycandakı prezident seçkilerinin demokratik keçirilmesini diqqetde saxlanılması xahiş olunur".
E.Kerimlinin sözlerine göre, görüşlerde vahid namized meselesi de müzakire olunub: “Dörd partiya liderinden hansı prezident seçkilerinde ikinci tura çıxsa, diger partiyaların hemin namizedi destekleyeceyi ile bağlı razılıq elde edilib”.

[25.08.2003] «Dəyirmi masa»da Heydər və İlham Əliyevləri vəkilləri əvəz edəcəklər
Namizədlər avqustun 25-dən sentyabrın 15-dək hər həftənin şənbə günü canlı efirdə teledebatda görüşəcəklər.
Mərkəzi Seçki Komissiyasının(MSK) iclasında prezidentliyə namizədlərin təbliğat kampaniyasının başlaması ilə əlaqədar namizədlərə efir vaxtının ayrılması müzakirə edilərkən, hər həftənin 6-cı günü qeydiyyatdan keçmiş 12 namizədin iştirakı ilə «dəyirmi masa»ların keçirilməsinə dair qərar qəbul edilib.
Beləliklə, namizədlər avqustun 25-dən sentyabrın 15-dək hər həftənin şənbə günü canlı efirdə teledebatda görüşəcəklər. Lakin Prezident Heydər Əliyevin, eləcə də, baş nazir İlham Əliyevin avqustun 30-da keçiriləcək ilk teledebatda digər namizədlərlə birlikdə iştirakı, hələlik, sual altındadır. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov «AssA-İradə» xəbər agentliyinə bu gün verdiyi müsahibəsində teledebatda onları vəkillərinin əvəz edəcəklərini bildirdi.
Onun sözlərinə görə, ikinci gün YAP-da «Heydər Əliyevin seçki qərargahı»nda bu məsələ müzakirə olunacaq və prezidentin teledebatda kimin təmsil edəcəyi müəyyənləşəcəkdir. S.Novruzov, eyni zamanda, baş nazir İlham Əliyevi də teledebatda, vəkili, yaxud səlahiyyətli nümayəndəsinin əvəz edəcəyini söylədi. «Müxalifətdən olan prezidentliyə namizədlər bizim adi vəkillərimizdən qat-qat aşağı səviyyədədirlər.Odur ki, teledebatda heç bir problem yaranmayacaqdır»,-deyə S.Novruzov bildirdi Azernews

[24.08.2003] Seçkidə iki namizədlə iştirak etmək YAP-ın taktiki gedişidir
Azərbaycanda prezident seçkiləri son mərhələsinə-təbliğat kampaniyası mərhələsinə qədəm qoymasına baxmayaraq, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının(YAP) hansı namizədin üzərində seçim edəcəyi hələ də bəlli deyildir.
Doğrudur, YAP-dan rəsmi olaraq 1 namizəd-partiya sədri Heydər Əliyev prezidentliyə namizəd kimi irəli sürülsə də, partiyanın təbliğat kampaniyasında baş nazir İlham Əliyevin də dəstəkləndiyi (onun namizədliyi Naxçıvan seçicilərinin təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür) aydın şəkildə bürüzə verilir.
Məsələyə münasibət bildirən YAP-in icra katibinin müavini Səyavuş Novruzov bunu, partiyanın taktiki gedişi adlandırdı.
«Biz iki namizədi dəstəkləsək də, bizdə vahid bir siyasi xətt var-Heydər Əliyev xətti. Bu bizim seçki taktikamızdır və hesab edirik ki, uğurlu olacaqdır»,-deyən YAP yetkilisi, müxalifət partiyaların nəinki hər hansı bir taktiki gedişlərə malik olmadığını bildirdi, hətta onların seçki ərəfəsində təbliğat kampaniyalarını düzgün qura bilmədiklərini vurğuladı AssA-Irada  
[24.08.2003] Bu gün vahid namizəd dəqiqləşəcək?
Liderlərin London görüşünə böyük ümid var
Bu gün Azərbaycanın müxalifət liderlərinin Londonda görüşü keçiriləcək. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AMİP sədri Etibar Məmmədov, ADP sədri Rəsul Quliyev və AXCP (“islahatçılar”) sədri Əli Kərimli iştirak edəcək. Müzakirə ediləcək məsələlərə dair konkret açıqlama verilmir.
Liderlər, sadəcə, qarşılıqlı məsləhətləşmələrə ehtiyac olduğunu söyləyirlər.
Liderlərin üçü Londona daha öncə getmişdi. Ən son yola çıxan isə Müsavat Partiyasının başqanı İsa Qəmbər olub. Beləliklə, “dördlər”in bugünkü görüşünün baş tutması üçün bütün problemlər həll olunub. İndi nəticəni gözləyək...
[24.08.2003] “Bizim Azərbaycan” bloku sentyabrın 7-də mitinq keçirəcək
“Bizim Azərbaycan” Bloku sentyabrın 7-də gücünü nümayiş etdirəcək.
Həmin gün prezidentliyə namizəd İsa Qəmbərin ilk təbliğat mitinqi keçiriləcək. Artıq aksiyanın hazırlıq işlərinə start verilib.Mitinqə Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü, Müsavat başqanının müavini Qabil Hüseynlinin sözlərinə görə, aksiyanın hazırlıq mərhələsindən tutmuş, keçirilməsinə qədər bir çox orijinallıqlara şahidlik edəcəyik.
7 sentyabr mitinqinin əvvəlki aksiyalardan tamamilə fərqlənəcəyini vurğulayan professorun sözlərinə görə, bu, təkcə hakimiyyətə qarşı qəzəb və nifrətin nümayişi deyil, həm də seçicilərin və Müsavat tərəfdarlarının öz gücünə inam və gələcəyə nikbinliyi ilə aşılanmış bir şənlik proqramı olacaq. Həm ciddi siyasi çıxışlara, həm mehtər marşının insan qanını coşduran əzəmətli sədalarına yer veriləcək: “Bu mitinq bir çox elementləri özündə birləşdirəcək. Bir tərəfdən ”Bizim Azərbaycan" Blokunun rəsmi surətdə tanıtım mərasimi olacaq, digər tərəfdən, bu aksiya cəmiyyətdəki siyasi qüvvələr nisbətinə baxış xarakteri daşıyacaq. Bir növ Müsavat və onun ətrafında toplanmış partiyalar blokunun siyasi çəkisinə, tərəfdarlarının sayına, cəmiyyətdəki əhval-ruhiyyəyə təsir və hakimiyyətə təzyiq imkanlarına baxış keçiriləcək."
Başqan müavininin rəyinə görə, aksiyaya on minlərlə insan qatılacaq. Qabil bəy bu rəqəmin 50 mindən aşağı olmayacağını düşünür. Onun fikrincə, aksiya partiya elektoratını aşacaq, yalnız bloka üzv olan partiyaların üzvlərindən ibarət olmayacaq: “Daha çox Müsavata və onun daxil olduğu bloka rəğbət bəsləyən, amma indiyədək bu partiyaların sıralarına daxil olmayan insanlar da bizim sıralarımızda olacaq. 7 sentyabr mitinqində ”Bizim Azərbaycan" Bloku və onun namizədinin çeşidli elektoral bazası nümayiş etdiriləcək. Bu baza firqə mənsubiyyətinə deyil, əhalinin müxtəlif kateqoriyalarını əhatə etməsinə görə fərqlənəcək."
Q.Hüseynli texniki-təşkilati məsələlərdə də dəyişikliklər olacağını vurğuladı. Onun sözlərinə görə, ənənəvi qaydalardan uzaqlaşma baş verəcək. Mitinqə kolonlarla gəlişdən tutmuş, yürüş və mitinqdəki insanların düzülüşü, tribunanın quruluşu, onun ətrafındakı düzülüş, meydandakı əhval-ruhiyyəyə qədər hamısı dəyişdiriləcək. Bir sözlə, bayram əhval-ruhiyyəsi ilə siyasi əhval-ruhiyyənin çulğalaşdığı bir ictimai-siyasi tədbir keçirmək niyyətindəyik."  Yeni Musavat
[23.08.2003] Püşk atıldı.
Dünən Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatma nəticəsində prezidentliyə namizədlərin pulsuz efir vaxtının tarixi müəyyənləşdi.
Prezidentliyə namizədliyi qeydə alınmış 12 nəfərin Dövlət Televiziya və Radiosunda çıxış vaxtları dünən məlum oldu. MSK-da keçirilən püşkatmaya əsasən, bazar ertəsi - avqustun 25-də, saat 21.00-da prezidentliyə namizəd Qüdrət Həsənquliyev, həmin gün saat 21.10-da isə Liberal Partiyasının sədri Lalə Şövkət çıxış edəcəklər.
Həftənin çərşənbə axşamı prezident Heydər Əliyev (saat 21.00), Sabir Rüstəmxanlı (saat 21.10, VHP), çərşənbə günü İlham Əliyev (saat 21.00, YAP sədrinin müavini), Hafiz Hacıyev (saat 21.10, Müasir Müsavat), cümə axşamı İsa Qəmbər (saat 21.00, Müsavat), Yunis Əliyev (saat 21.10, Milli Vəhdət), İlyas İsmayılov (21.20, Ədalət), cümə günü Abutalıb Səmədov (21.00, Azərbaycan Naminə Alyans), Əli Kərimli (21.10, AXCP) və Etibar Məmmədov (21.20, AMİP) çıxış edəcəklər. Təbliğat üçün prezidentliyə namizədlərə Dövlət Radio və Televiziyasında 6 saat efir vaxtı (3 saat televiziya, 3 saat radio) ayrılıb. Namizədlər həftədə bir gün 10 dəqiqə televiziyada, həmin gün 10 dəqiqə isə radioda çıxış edəcəklər. Həftənin cümə günü, axşam saat 21.40 - 22.40-da radioda, şənbə günləri isə saat 21.00 - 22.00-da televiziyada prezidentliyə namizədlər arasında birsaatlıq debat keçiriləcək.
[22.08.2003] İlham Əliyevin təbliğatı ayrıca aparılmayacaq
“İlham Əliyev Heydər Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bəyan edib” - deyən YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib ki, ona görə də onun ayrıca seçki təbliğatı aparılmayacaq:br> “YAP-ın Heydər Əliyevlə bağlı aparacağı seçki kampaniyasında İlham Əliyevin özü də iştirak edəcək. Ancaq aparılan kampaniyalarda İlham Əliyev haqqında müəyyən fikirlər səsləndirilməsi onun seçki təbliğatının bir hissəsidir”.
A.Mirzəzadənin sözlərinə görə, YAP-ın tutduğu plan əsasında təbliğatı uğurla gedir. Bu istiqamətdə heç bir problem yaranmayıb. Olaylar
[22.08.2003] Azərbaycandan kənarda 133.600 seçici yaşayır
"Rəsmi məlumatlara görə, Azərbaycandan kənarda müvəqqəti işləyib, yaşayan seçicilərin sayı 133.600 nəfərdir". Bu sözləri DİN mətbuat xidmətinin rəisi Sadiq Gözəlov bildirib. Onun sözlərinə görə, Azərbaycandan kənarda 2 milyondan çox seçicinin yaşaması ilə bağlı deyilənlərin əsası yoxdur. Turan
[22.08.2003] “Üçlər”in vahid namizədi Etibar Məmmədovdur
İsa Qəmbəri AMİP liderinə güzəştə getməyə məcbur edirlər
Avqustun əvvəlindən start götürmüş yeni siyasi situasiya müxalifəti seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə cəlb edib. Müxalifət ideoloqları müzakirələrin əvvəlki razılaşmaya uyğun aparıldığını iddia etsələr də, bu, belə deyil.
Adı “obıvatel”ə də bəllidir ki, müxalifəti müzakirələrə başlamağa vadar edən Nazirlər Kabinetindəki kadr dəyişikliyindən sonra iqtidar düşərgəsində yaranmış ruh yüksəkliyi və qələbə əzmidir. Aydınca görünür ki, qısa bir ara durğunluq yaşanan iqtidar komandasında sanki “ikinci nəfəs” açılıb. Komanda opponentlərinə və kənar müşahidəçilərə nümayişkaranə şəkildə qələbə əzmi sərgiləyir. Müxalifəti təşvişə salan da elə opponentinin bütün gözlənilənlərin əksinə olaraq bu cür davranmasıdır. Aydınca görünür ki, müxalifət öz-özünü aldadırmış. Yada salaq ki, ötən seçkidən bu yana müxalifət öz siyasətini xəyali “x” gününə hesablayıb. Müxalifətin ən ciddi liderləri belə iqtidar komandasının dağılacağına bel bağlayırdı. Amma hadisələr göstərdi ki, iqtidar komandası nəinki dağılmadı, ayrı-ayrı qruplar hakimiyyəti “qızıl sini”də kiməsə pay vermək fikrinə düşmədi, əksinə heç bir müxalifətçinin gözləmədiyi halda yeridilən 10 illik kursun davamında inad göstərdi. Bax, ölkə müxalifətinin canına vəlvələ salan da elə budur. İqtidar düşərgəsinin monolitliyi müxalifəti də toparlanmağa vadar etdi. Artıq hər şeyi, umu-küsünü kənara atmış müxalifət liderləri vahid lider axtarışına çıxıblar. Bu məqsədlə həftənin əvvəlindən başlayaraq liderlər bir neçə qapalı görüş də keçiriblər. Artıq ədalı partiya funksionerlərinin, döşlərinə döyən, sinə yırtan müavinlərin səsləri kəsilib. Hamı koalisiyadan, qarşılıqlı güzəştlərdən danışır. Düşərgə necə aciz duruma düşübsə, hətta üç il əvvəl öz xırda maraqlarına görə müxalifətin altını üstünə çevirən, partiyaları, blokları üz-üzə qoyan “məşhur” funksionerlərdən biri müttəfiq-rəqiblərinə “hakimiyyətə gəlsək, vəzifələrdən imtina edəcəyik” mesajını verir. Bu, o deməkdir ki: “10 ildə elektoratı zəlil gününə qoymuş, xalqın ümidini qırıb mənasız iddialarımızdan əl çəkirik, təki siyasətdə qalaq”. Liderlər arasında danışıqlardan mətbuata sızan bilgilərə görə, vahid namizədlə bağlı razılıq əldə edilə bilər. Ancaq bir şərtlə ki, gələcək hakimiyyəti həmin şəxs formalaşdırmayacaq. Daha bir versiyaya görə, danışıqlar iyunda bitmiş danışıqların davamıdır. Xatırladaq ki, həmin ərəfədə “dördlər” arasında (ADP, AMİP, Müsavat, AXCP (i)) gedən danışıqlarda üstünlük AMİP sədri Etibar Məmmədovun xeyrinə idi. “Dördlər”i himayə edən ABŞ Milli Demokratiya İnstitutu da elə bu səbəbdən “dəmiri isti-isti döymək üçün” “dördlər”i Amerikaya dəvət etdi. Lakin güzəştə məcbur ediləcəyini yəqinləşdirən Müsavat başqanı İsa Qəmbər liderin birgə səfərini təxirə saldı. Başqanın getməməsi səfərin əhəmiyyətini heçə endirdi. Nəticədə digər partiya liderləri də səfərdən imtina etdilər. Məlumata görə, “dördlər” arasında danışıqlar yenidən bu istiqaməti alıb. AXCP (i) lideri, prezidentliyə namizəd Əli Kərimlinin iddiasından geri duracağı ilə verdiyi mesajlar məsələnin mahiyyəti ilə bağlı ilkin bilgi verir. Məlumatlı mənbənin verdiyi məlumata görə, üç partiya arasında (ADP, AMİP, AXCP (i)) vahid namizədlə bağlı razılığa gəlinib. Hər üç partiya seçkilərdə AMİP sədri Etibar Məmmədovu dəstəkləməyə hazırdı. ADP-ni buna situasiya məcbur edir. Çünki ADP sədri esk-spiker Rəsul Quliyevin seçkiyə qatıla bilməyəcəyi artıq yəqinləşib. ADP-çilər onsuz da kimisə müdafiə etməlidirlər. AXCP (i) sədri Əli Kərimli üçün də güzəştə getmək elə böyük itki deyil. Əksinə, AXCP (i) sədri gələn seçki üçün dividentlər əldə edir. Öz namizədliyini müttəfiqinə güzəştə getmiş Əli Kərimli Müsavat başqanı İsa Qəmbəri də analoji addımı atmağa vadar edir. Məlumata görə, hər üç tərəf başqanı inandırmağa çalışır ki, E.Məmmədovun namizədliyi daha uğurlu variantdır və bu, məxməri hakimiyyət çevrilişini asanlaşdıra bilər. 20 xırda partiyanı ətrafına cəmləyib “Bizim Azərbaycan” blokunu təsis edən Müsavat başqanı güzəştə gedəcəkmi? Bu halda o, Müsavatın bütövlüyünü qoruya biləcəkmi? Təcrübəyə əsaslansaq, “yox” cavabını vermək daha asandır. Çünki Müsavatın dağılacağını bəhanə edən başqan heç 1998-ci ildə ümummilli lider Əbülfəz Elçibəyə güzəştə getmədi, o ki qaldı 15 illik rəqibi, sadəcə, situasiyanın diqtəsilə müvəqqəti əməkdaşlıq etdiyi AMİP sədri Etibar Məmmədov ola. Bir də ki istənilən halda Müsavatın seçkidən kənarda qalması bu partiyanın taleyini şübhə altına qoyur. Bu baxımdan, Müsavat liderinin güzəştə getməyəcəyini və vahid namizədlə bağlı axırıncı təmasların müvəffəqiyyətsiz bitəcəyini söyləmək olar. Amma Etibar Məmmədovun vahid namizəd olması ilə bağlı İsa bəyə edilən təzyiqlərin günbəgün, saatbasaat artdığı bildirilir. Başqan bu təzyiqlərə dözəcəkmi? Bu suala yaxın günlərdə cavab tapılacaq.
[21.08.2003] Namizədlərin bölgələrə səfəri
Bu mərhələdə seçkinin taleyinə təsir edəcək siyasi amillər
Təbii, namizədlərin təbliğat kampaniyası bu cür davam edə bilməz. Hazırlıq prosesini yekunlaşdıranlar, seçki platformasında dəqiqləşdirmələr aparanlar və fəaliyyət təqvimini tərtib edənlər ikinci mərhələyə qədəm qoymalıdırlar.
Mətbuata verilən informasiyalardan görünür ki, bu proses avqustun 24-dən sonra vüsət alacaq. Namizədlərin bölgələrə səfərləri başlanacaq. İnamla demək olar ki, bölgələrə səfərlər seçki təbliğatının həlledici amillərindən biridir. Bu mərhələdə uğur qazananlar böyük şans əldə etmiş olacaqlar. Bölgə səfərləri siyasi meydanda hansı amillərin qabarmasına səbəb ola bilər? Burada ən maraqlısı namizədin necə və nədən danışacağı olacaq. Deyək ki, Müsavat düşərgəsində qapı-qapı gəzib şifahi olaraq namizədin planlarını açıqlamağa üstünlük verəcəklər. Ədalət Partiyasında İ.İsmayılovun bölgələrə səfər təqvimini dəqiqləşdirsələr də, konkret iş üsulu haqda məlumat yoxdur. Görünür, İ.İsmayılov ənənəvi üsuldan yararlanmağa çalışacaq. AMİP-dən isə həmişə olduğu kimi dəqiq cavab vermirlər, ancaq 1998-ci il təcrübəsindən yararlanacaqlarını bildirirlər. MVP sədri Y.Oğuzun bölgə səfərlərinin detalları dəqiqləşdirilib. Seçki Qərargahından bildiriblər ki, Y.Oğuz kompleks fəaliyyət üsuluna üstünlük verəcək. Yəni əsas olaraq əyani görüşlər təşkil ediləcək, həm şifahi, həm də psixoloji ritorik ünsiyyət formalarından istifadə ediləcək. Burada namizədin seçicilərlə, sadəcə, söhbətindən danışılmır, onun inandırma, nümunə olma və güvənc yeri kimi ayrı-ayrı aspektlərin dinamik vəhdəti qabardılır. Çağdaş imicologiya və politoloji mülahizələrə əsasən tərtib edilən bu cür proqram Y.Oğuzun ideoloji, siyasi və işgüzar şəxsin psixoloji praktiki üstünlüklərini özündə əks etdirən xüsusiyyətlərini əyani seçiciyə çatdırmalıdır. Yeri gəlmişkən, bəzi mətbuat orqanlarında ideologiyanın həlledici rol oynamadığı haqda mülahizələrin bildirilməsi təəssüf doğurur. Bu, nəzəri və seçki texnologiyasının mahiyyəti baxımından, qüsurlu yanaşmadır. Demokratik seçki baxımından, alternativ ideyalar olmadan və onların mübarizəsi baş vermədən uğur əldə etmək sünilikdir. Yəni demokratik seçki hər şeydən öncə alternativ ideyaların savaşıdır. Sovet seçki psixologiyası ilə 2003-cü il seçkisinə qatılmaq zərərlidir. Hesab edirik ki, Azərbaycanda seçki yarışının alternativ ideyalar savaşı olduğunu bizlər elə bu ildən sübut etməliyik. Yeri gəlmişkən, Yunus Oğuzun seçki platformasında ideoloji aspektə önəmli yer verilməsi çox doğru qərardır. Y.Oğuz hər şeydən öncə ideoloji müstəvidə qalib gəlmək istəyirsə, bu, demokratik yarış qaydalarına hörmət əlamətidir. Məsələnin bu tərəfi heç bir halda unudulmamalıdır. Mətbuatın da həmin məqama ayrıca diqqət yetirməsi gərəkdir. Deməli, bu mərhələdə seçki gərginliyi paytaxtdan bölgələrə keçəcək. Gözləmək olar ki, bu proses seçki platformalarının ilk real toqquşma göstəricisi olacaq. Məhz burada namizədlərdən hansının daha praktik platformaya malik olduğu aydınlaşacaq. Bölgə səfərləri sosial bazanın aktivlik dərəcəsini müəyyənləşdirəcək ən effektiv tədbirdir. Sosial bazanın aktivliyi isə seçkinin əsas dayaqlarından biridir. Namizədlərin ətrafına nə qədər seçici toplayacağı onun sonrakı fəaliyyətinin təyinedici amili olacaq. Bölgə səfərlərinin bir xüsusiyyəti də siyasi qüvvələr arasında münasibətlərin aydınlaşdırılması baxımından çox rol oynaya bilməsi ilə bağlıdır. Mətbuatda 4 müxalifət liderinin qapalı görüşdə bir-biri əleyhinə təbliğat aparmamaq haqqında müzakirələr aparması məhz həmin özəlliklə bağlıdır. Onlar bir neçə gün sonra səfərə çıxacaqları bölgələrdə sosial bazanın parçalanmaması və hətta qarşı-qarşıya qoyulmaması qayğısına qalırlar. Deməli, münasibətlərdəki sürüşkənliyi artıq sosial baza səviyyəsində dərk etməyə başlayıblar. Yerlərdən alınan informasiyalar göstərir ki, adamlar bir-biri ilə dil tapa bilməyən siyasətçilərə inam ifadə etmirlər. Onlar səmərəsiz vədlərdən bezmiş kimi görünürlər. Ona görə də siyasi əməkdaşlıq perspektivi bölgədə təbliğatın necə aparılmasından xeyli asılıdır. Göründüyü kimi, bölgələrə səfər siyasi amil olaraq prinsipial bir mərhələnin göstəricisdir. Namizədlərin dinamikliyi və güvənc verməsi seçicinin oriyentasiyasını müəyyən edəcək.
[21.08.2003] Vahid namizəd məsələsi məhdud siyasi dairədə
Onlar “vahid namizəd”i dəfn edib təzədən axtarırlar
Siyasi proseslərin yeni müstəviyə qalxması ilə vahid namizəd məsələsi fərqli çalarlar kəsb etməyə başladı. Artıq ümumi şəkildə “vahid namizəd”dən danışmaq olmaz. Konkret namizədlər var və onların konkret əməkdaşlıq perspektivlərindən danışmaq gərəkdir.
12 namizədin siyahısına nəzər salmaqla bu məsələnin mahiyyətini aydınlaşdırmaq mümkündür. Hər şeydən öncə vurğulamaq lazımdır ki, artıq müxalifətin vahid namizəd anlayışı yoxdur. Çünki namizədlərin tərkibi elədir ki, nə siyasi-ideoloji baxımdan, nə də konkret fəaliyyət təcrübəsi yönündən bir namizəd üzərində dayanmaq absurd məsələdir. Məsələn, L.Şövkət, İ.İsmayılov və ya İ.Qəmbərin, E.Məmmədovun vahid namizəd olmasına razılıq verməyəcəklər. Namizədlərin seçkiyə hazırlıq qaydası da bu ehtimalı sıfra endirir. Namizədlər arasında müstəqil mövqe tutanların daha təmkinli görünməsi psixoloji təsirini göstərir. Bu, vahid namizəd ideyasının cəlbediciliyini bir qədər azaldır. Təsadüfi deyil ki, müxtəlif partiya düşərgələrindən mitinqlərə qoşulmamaq çağırışları, onun əvəzində seçki təbliğatının təşkili ilə məşğul olmağı tələb edən səslər çoxalır. Bunlara rəğmən iqtidar təbliğatının təzyiqi altında bir çoxları ayrılıqda qalib gəlməyin çox çətin olacağını başa düşür. Bu faktor onları hər hansı formada dil tapmağa vadar edir. Odur ki, indi bir qrup siyasətçidən sentyabrda vahid namizəd ətrafında müzakirələrin davam edəcəyi haqda mesajlar gəlir. Söhbət kimlərdən gedir? Vahid namizəd məsələsi konkret olaraq İ.Qəmbər, Ə.Kərimli, E.Məmmədov arasında müzakirə oluna bilər. Bunların dışında o məsələ aktual sayılmır. L.Şövkət lap əvvəldən “bu müxalifətə” qoşulmayacağını bildirib. Q.Həsənquliyev Ə.Kərimli və İ.Qəmbər olan yerə getməz. İ.İsmayılov MKM-dən elə bu məsələlərdə səmimiyyətin olmadığına görə çıxıb. S.Rüstəmxanlı da təqribən eyni mövqedədir. Y.Oğuz əvvəlcədən qalmaqallı siyasi olaylara qoşulmur, özünün fərqli seçki platformasını hazırlayır və seçki kampaniyasını əvvəlcədən düşünülmüş konsepsiya üzrə aparır. A.Səmədovun vahid namizəd məsələsinə siyasi mövqeyinə görə qatılmayacağı şübhə doğurmur. Nəhayət, H.Əliyev və İ.Əliyevi bu məsələyə aid etməyin çox absurd olduğuna şübhə yoxdur. Deməli, indiki şəraitdə vahid namizəd məsələsi konkret məhdud müzakirə oluna bilər. Onlar “sağ” düşərgənin təmsilçiləri, bir vaxtlar Ə.Elçibəyin silahdaşları olmuşlardır. Elə Elçibəyin silahdaşı olmaq da vahid namizədin müəyyən edilməsinə təsir edən amillərdən biridir. Paradoksal olsa da, indi Ə.Kərimli, İ.Qəmbər və E.Məmmədovun bir araya gələ bilməmələrində nə vaxtsa Elçibəyin silahdaşı olmaları ciddi rol oynayır. Çünki bu siyasətçilər Ə.Elçibəyin siyasi məktəbinin ruhunu tərk etdilər. Onlar müxtəlif vaxtlarda məhz Ə.Elçibəyə dönük olanlardır. Bunu deməyə çəkinmirik. Faktlara baxaq. İ.Qəmbər Ə.Elçibəyin hakimiyyəti vaxtı ayrılaraq partiya yaratdı, əvvəlki seçki ərəfəsi vahid namizədin (Ə.Elçibəyin timsalında) müəyyən olunmasına əngəllər törədənlərin başında dururdu. İ.Qəmbərin insafən Bəy rəhmətə gedəndən sonra bunu etiraf etməyə gücü çatdı. O, Elçibəyin sağlığında AXCP-yə etdiklərini davam etdirmək istəmədiyini dedi. Ə.Kərimlinin də Ə.Elçibəyə qarşı partiya daxilində etdikləri hər kəsə bəllidir. Nəhayət, E.Məmmədov Elçibəy iqtidarını “sökənlər”dən, İsa Qəmbərə “əlin xalqın qanına batıb” deyən siyasətçidir. İstəsək də, istəməsək də bunlar olmuşlardır. Siyasətdən az-çox başı çıxanlar bilirlər ki, Elçibəyin siyasi məktəbindən bu cür sapanların sonradan səmimi qaydada bir araya gəlməsi qeyri-mümkündür. Müəyyən vaxt kəsimində ikinci dərəcəli məsələlərdə (deyək ki, mitinqə bir yerdə getmək. Hərçənd orda da tərəfkeşlik, bir qrupun “İsa”, o birinin “Etibar” qışqırtıları olur) ortaq hərəkət edə bilərlər, ancaq prinsipial məsələdə (məsələn, hakimiyyət bölgüsü) razılıq çox az inandırıcıdır. Onlar bir-birinə inanmaqdan daha çox, bir-birindən çəkinirlər. Şübhəsiz, hətta məhdud dairədə vahid namizəd məsələsi reallaşmayan imkan kimi görünür. “Üçlüy”ün müzakirə söhbətləri isə, sadəcə, ABŞ-a və elektorata mesajdır. Bunlar Amerikaya “birləşə bilərik” mesajı verir, elektoratın da ümidsiz qalmamasına çalışırlar. Reallıqda vahid namizəd məsələsi çoxdan dəfn olunub. “Teatr səhnəsi”ndə “rejissor”un bu epizodu nə vaxtadək quraşdıracağını zaman göstərəcək.
[20.08.2003] İlham Əliyev özünü prezidentliyə ən layiqli namizəd sayır
"Biz azad və ədalətli seçkilər keçirməkdə qətiyyətliyik.
Bizim hakimiyyətin seçkiləri saxtalaşdırmasına ehtiyac yoxdur, çünki əhali bizi dəstəkləyir"-deyə İlham Əliyev "Assosiated Press" agentliyinin ölkədə insan haqlarının qorunmasının vəziyyətilə bağlı sualına cavabında bildirib.
"Azad seçkilər keçiriləcək və beynəlxalq birlik bunun şahidi olacaq"-kiçik Əliyev bəyan edib.
"İlham Əliyev komanda yığa və ölkəni idarə edə biləcəkmi" sualına o cavab verərək bildirib ki, əgər əhali lideri dəstəkləyirsə, ölkəni idarə etmək və vəziyyətə nəzarət etmək asandır. "Əgər ölkəyə rəhbər olsam, gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Bunu zaman göstərəcək"-İ.Əliyev qeyd edib. Bununla yanaşı, İlham əmin olduğunu bildirib ki, ölkə qarşısında xidmətləri çoxdur, çünki AŞ-nin "Ermənistanı təcavüzkar kimi tanımasına" nail olub, neft və idman sahəsində xeyli iş görüb.
Dövlət başçısı olmaq barədə çoxdanmı fikirləşir sualına cavab verən İlham deyib ki, həyat özü onu "istiqamətləndirib". Eyni zamanda o, bunu 2000-ci ildə "Yeni Azərbaycan" partiyasının siyahısına başçılıq edərək parlamentə düşdükdən sonra anlayıb. "Bax onda mən bunun mümkünlüyü barədə düşündüm"-İlham etiraf edib.
Doğrudurmu ki, əvvəlcə siz ölkə prezidenti olmağa razılıq verməmisiniz sualına İlham sensassion cavab verib. "Əgər kimsə bu vəzifəyə daha layiq olsaydı, mən heç zaman namizədliyimi verməzdim"-o bəyan edib.
Əsas məsələ indiki siyasətin davam etdirilməsidir. "Mən belə bir məsuliyyəti öz üzərimə götürməyə hazıram"-kiçik Əliyev deyib.

[20.08.2003] Prezidentliyə ən real namizəd İlham Əliyevdir
Türkiyə mediasının yekun qənaəti açıqlanır
Azərbaycandakı seçkiqabağı ictimai-siyasi durum Türkiyə mediasının da diqqətindədir. Qonşu dövlətin kütləvi informasiya vasitələri, dövlət və özəl telekanalları prezident seçkilərinə hazırlığın gedişi, MSK-nın qərarları, prezidentliyə namizədlərin mövqeyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar çatdırır.
Türkiyə mediasının və siyasi şərhçilərin fikrincə, prezident vəzifəsinə ən real namizəd Azərbaycanın baş naziri İlham Əliyevdir. Məhz bu səbəbdən də İlham Əliyevin hər bir çıxışı, onun KİV-ə verdiyi müsahibələr Türkiyədə geniş işıqlandırılır. Qəzetlər son 12 il ərzində Azərbaycanın müstəqil dövlət kimi dünya tərəfindən tanındığını qeyd edir. Azərbaycanın öz çağdaş tarixində işğala, daxili toqquşmalara, dövlət çevrilişinə məruz qaldığını bildirən qəzetlər İlham Əliyevin belə bir ifadəsini xüsusi olaraq diqqətə çatdırırlar: “Bu şəraitdə Azərbaycandakı demokratik inkişaf səviyyəsinin Qərb dövlətlərindəki kimi olduğunu söyləmək sadəlövlük olardı. Lakin ən başlıcası odur ki, biz bu istiqamətdə irəliləyirik, bu, bizim seçimimizdir”. İlham Əliyevin prezident seçkilərinin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün Azərbaycan hökumətinin bütün tədbirləri görəcəyi barədə fikirlərini diqqətə çatdıran Türkiyə KİV-i baş nazirin “Seçkinin saxtalaşdırılmasının hökumət üçün heç bir mənası yoxdur, çünki yaxşı bilirik ki, xalq bizi dəstəkləyir” cümləsinə də nəzər salıb.
[20.08.2003]  Seçki kampaniyası vacib mərhələ ərəfəsində
Kimin şansı nə qədərdir?
Prezidentliyə namizədlərin qeydiyyatı prosesi başa çatdı. Artıq siyasi seçki spektri məlumdur. Müxalifətin hansı tərkibdə seçkiyə qatıldığı, müstəqil mövqedə olanların təmsilçiləri və iqtidarın namizədləri bəllidir. Bu bölgü içərisində daha çox sual doğuran müxalif düşərgənin təmsilçiləridir.
İndiyədək baş verənlərin məntiqi bucağından baxanda maraq doğuran nüansları görmək mümkündür. Əvvəllər təxmin etmişdik ki, təbliğat kampaniyasının başlaması ilə namizədlər arasında mərkəzdənqaçma meyli güclənəcək. Bu təxminin doğruluğuna dəlalət edən əlamətlər özünü göstərir. Vahid namizəd məsələsində onu adi gözlə belə müşahidə etmək olur. Siyasi partiya yetkililəri bir tərəfdən, vahid namizəd seçməyi zəruri sayırlar, o biri tərəfdən isə, bu keyfiyyətdə yalnız öz partiya sədrlərini görürlər. Bu paradoksallığın ən qabarıq təzahürünü H.Fərzəliyevanın dediklərində tutmaq olur. O, deyib: “Ən layiqlini seçmək lazımdır. Vahid namizəd dövlət başçısı keyfiyyətlərinə malik olmalıdır. Bu ölçülərə uyğun gələn namizəd İlyas İsmayılovdur. Vahid namizədin qəbul ediləcəyinə inanmıram. Amma müxalifət buna məhkumdur”. Müxalif düşərgədəki real durumu “Ədalət” yetkilisi özü də istəmədən lakonik ifadə edib. Vahid namizəd müəyyənləşdirməyə məhkumdurlar, ancaq müəyyənləşdirə bilmirlər və belə iş olsa, yalnız mənim partiya təmsilçim buna yarayır. Məntiqi baxımdan, “həftəbecər” izahdır, lakin siyasətçinin subyektiv maraqlardan çıxış etdiyini nəzərə alanda hər şey aydındır. İndi müsavatçı Mehman Cavadoğlunun dediklərinə diqqət edək: “Müxalifət bu mübarizədən qalib çıxmaq istəyirsə, ən əlverişli variant İsa Qəmbərin müxalifətin vahid namizədi olmasıdır”. Eyni tonda fikri başqanın özü bir qədər əvvəl demişdi: “Hər şeyi özüm həll edəcəyəm”. AMİP-çi Əli Əliyev də mövqeyində qətidir. O, vahid namizəd kimi yalnız Etibar Məmmədovu görə bilir. “Etibar bəyin namizədliyi kifayət qədər effektli olar. 1998-ci il təcrübəsi, namizədlərdən yalnız Etibar bəyin bu vaxtadək hakimiyyətdə təmsil olunmaması onun şanslarını digərlərinkindən daha üstün edir. Etibar bəy Azərbaycanda məxməri hakimiyyət dəyişikliyini reallaşdıra bilən namizəddir”. Bu sitatların hamısını birləşdirən ortaq xüsusiyyətlər var. Gətirilən “politoloji arqumentlər”in hamısı eyni səviyyədədir. Siyasətçi imicinin formalaşmasına aidiyyatı olmayan amillərə söykənib, öz sədrlərindən yaxşısının olmadığını sübut etmək istəyirlər. Və bu məsələnin real tərəfini ortaya qoyur: siyasilər təbliğat kampaniyasına əvvəlki mövqelərinə heç bir dəyişiklik etmədən başlayırlar. Yəni vahid namizəd seçmək şansı nəinki artıb, hətta azalıb. Çox az ehtimal var ki, bu cür düşüncə sahibləri, doğrudan da, bir araya gələ bilsinlər. Deməli, müxalif cəbhənin seçkidə ortaq strategiya ilə çıxış etməsi variantının üstündən birdəfəlik xətt çəkilməlidir. Seçki yarışında ayrı-ayrı namizədlərin ayrı-ayrı savaşı olacaq. Bu variant kimə daha çox sərfəlidir? İndi vəziyyət elədir ki, kiməsə konkret üstünlük vermək çətindir. Ancaq ictimai rəydə iqtidarın üstün mövqedə olması təsəvvürü var. Bunun oktyabrın 15-dək saxlanacağı ehtimalı çoxdur. Lakin siyasi mübarizə elə bir sahədir ki, hər an vəziyyəti köklü dəyişə biləcək hadisə baş verə bilər. Başqa tərəfdən, çox şey təbliğatı necə qurmaqdan asılı olacaq. Müstəqil siyasət yeridənlərin də şansları nəzərə alınmalıdır. Çünki onlar həm seçki kampaniyasına daha təmkinli hazırlaşıblar, həm də imiclərində hay-küyçü, qalmaqal sevən, “qara piar”çı elementləri yoxdur. Hazırkı situasiyada ictimai rəydə belə bir həssaslıq var. Həm də politoloqlar etiraf edirlər ki, neytral mövqeli sosial bazanın həcmi genişlənir. Elektorat ənənəvi siyasi düşərgələrə loyal münasibət göstərir. Odur ki, bu şansı nəzərə almaq lazım gəlir. Müxalifətin daha aktiv kəsimini təmsil edən siyasətçilərin yuxarıda təsvir etdiyimiz mövqeləri onlar üçün 2 variant meydana çıxarır. Birinci variant əsas mübarizəni öz aralarında aparmaqdan ibarətdir. Başqasını qəbul etməmək vərdişi, “qara mətbuat”a aludəçilik, boykotçuların və küskünlərin meydana gəlməsi bu variant ehtimalını artırır. Bu halda bir müxalif yetkilinin etiraf etdiyi kimi, “uduzmağa məhkumdular”. İkinci variant seçkidə koordinasiyalı davranışdır. Bunun da ehtimalı az deyil. Lakin yuxarıda dediyimiz səbəblərdən nə dərəcədə reallaşdıra biləcəkləri tam qeyri-müəyyəndir. Bunlar təbliğat kampaniyası mərhələsinə siyasi mühitin mürəkkəb durumda getdiyini ifadə edirlər. Daha maraqlı hadisələr bundan sonra gözlənilir. Mirzə Turan
[20.08.2003] Təbliğat-təşviqatdakı fərqlər
Təbliğat-təşviqat kampaniyası mərhələsinə hər namizəd müxtəlif səviyyələrdə hazırlaşır.
Müşahidələr göstərir ki, ayrı-ayrı namizədlərin fərqli taktiki gedişləri var. O gedişlər həm siyasətçinin siyasi strateji mövqeyi, həm də mövcud şəraitə uyğunlaşa bilmə bacarığı ilə bağlıdır. Hər iki amil namizədin analitik xidmətinin durumu dəyərləndirə bilmək keyfiyyətinə söykənir.
Bu şərtlər daxilində qurulan taktiki sistem təbliğat-təşviqat işini təşkil etməyin özəlliklərini müəyyənləşdirir. Siyasi spektrdə bununla bağlı bir neçə sxemi görürük. Namizədlərin bir hissəsi təbliğat-təşviqat işinə politoloji biliyin tələbləri əsasında hazırlaşır. Onlar, demək olar, yayındırıcı siyasi olaylara qarışmadan, lazımsız siyasi gedişlər etmədən fəaliyyət üçün struktur formalaşdırmağa “oturublar”. Bütün diqqəti bu istiqamətə yönəldərək ardıcıl olaraq seçki platformasını təbliğat-təşviqat müstəvisində optimal ifadə edə biləcək mexanizm hazırlayırlar. Hələ o mexanizmin konkret cizgilərini vermək mümkün deyil. Ancaq bütövlükdə onun mahiyyəti aydındır. Bu mexanizm namizədin sosial bazanı cəlb etmək əsasında maksimum səs qazanmasını təmin etməlidir. Diqqət yetirin, əsas ağırlıq sivil uğurlarla sosial bazanı qazanmağa verilir. Burada şantaj, böhtan və radikalizm istisnadır. Həmin mövqe daha çox MVP və AMİP-in fəaliyyətində hiss edilir. MVP sədri Y.Oğuzun komandası təbliğat-təşviqat işini qurmaq üçün ictimai vəkillərin müəyyənləşdirilməsini, ümumi fəaliyyət planının qurulmasını və detallarının dəqiqləşdirilməsini həyata keçirirlər. Onlar əsas prinsipləri dəqiqləşdirib strateji hədəfini konkretləşdirmə əsasında təbliğat-təşviqat işini başlayacaqlarını deyirlər. Görünür, Y.Oğuz seçkiyə yeni siyasətçi obrazı ilə qatılmağın gərgin və elmi-politoloji iş əsasında mümkünlüyünü düşünür və onu qətiyyətlə reallaşdırmaq fikrindədir. AMİP yetkililərinin verdiyi məlumatlarda da təbliğat-təşviqat işinin təşkilinə böyük diqqət yetirildiyi göstərilir. AMİP bu səbəbdən kütləvi aksiyalara fikir vermir, yerlərdə təbliğatı qurmağın strukturlarını formalaşdırır. Onun MKM-in başqa üzvlərindən fərqi bu müstəvidə daha aydın görünür. AMİP-in bir üstün cəhəti də var ki, 1998-ci ildəki seçki təcrübəsinə malikdir. Bu təcrübə əsasında E.Məmmədov müsbət taktiki sistem qura bilər. Lakin hər şey komandanın hansı nəticələr çıxara biləcəyindən asılıdır. İlk nəticələr rəsmi təbliğat kampaniyasının başlanğıcında məlum olacaq. Hər bir halda AMİP sivil metod seçməklə potensial olaraq MKM-dəki tərəfdaşlarını qabaqlamış olur. Bu da başlanğıcda təbliğat müstəvisində ona müəyyən üstünlüklər verir. Başqa namizədlər hələ də özlərini daha arxayın hiss edib qlobal siyasi məsələlərə qatılmırlar. Onlar seçkiyə təbliğat-təşviqat müstəvisində hazırlaşmaq əvəzinə siyasi çəkişmələrdə bulunur, başqalarını ittiham etməyə daha çox meyl edirlər. Siyasi qalmaqallara bu cür aludəçilik həm təbliğat-təşviqat işinin qurulmasında hərc-mərcliyə səbəb olur, həm də enerjinin xeyli hissəsi gərəksiz işlərə sərf edilir. MKM-ə daxil olan partiyaların bir neçəsində bu tendensiya hiss olunur. Onların bəzilərinin Seçki Qərargahından sızan informasiyalar təbliğat işinin gülünc səviyyəsini göstərir. Bəzi hallarda işgüzarlığı sırf adminstrativ-bürokratik tələblər əvəz edir. O adamlar indidən özlərini Prezident Aparatının kadrlar şöbəsinin əməkdaşları kimi aparırlar. Həmin namizədləri məğlubiyyətə aparacağına şübhə yoxdur. Başqa tərəfdən, ayrı-ayrı strukturlar arasında uyğunsuzluq özünü göstərir. Sistemsizlik təbliğatın xaotik aparılmasının başlanğıcıdır. Nəhayət, bir qrup namizəd nədənsə sükut edir. Onlar təbliğat-təşviqat işinin qurulması ilə bağlı addımlar atmırlar. Gözləmə mövqeyinin nə ilə bağlı olduğu tez bir zamanda aydınlaşar. Bunlar sübut edir ki, seçki təbliğatına hazırlıq xüsusi yanaşma təşkil edən işdir. Bu müstəvidə hər kəsin öz mövqeyi var. Kimin doğru yolda olduğunun dəqiq göstəricisi oktyabrın 15-dir. Şahin

[20.08.2003]  Heydər Əliyev öz namizədliyini geri götürə bilər
Heydər Əliyev Ilham Əliyevin xeyrinə öz namizədliyini geri götürə bilər
"Mən seçkilərdə iştiraka ona görə razılıq vermişəm ki, Heydər Əliyevin yenidən prezident seçilməsinə kömək edim". İlham Əliyev "Assosiated Press" agentliyinin suallarına cavab verərkən bildirib.
Öz namizədliyini geri götürəcəkmi sualına İ.Əliyev belə cavab verib: "Müəyyən mərhələdə namizədliyimi geri götürmək istəyirəm, lakin bu nə zaman baş verəcək onu deyə bilmərəm". Heydər Əliyev öz namizədliyini oğlunun xeyrinə geri götürə bilərmi sualına cavabında İlham Əliyev deyib: "Bu mümkündür. Səhhəti ona seçkilərdə iştirak etməyə imkan verməsə, bu baş verə bilər."
Oğlunun sözlərinə görə, atasının vəziyyəti getdikcə yaxşılaşır və ümüd edir ki, Heydər Əliyev seçkilərdə iştirak edə biləcək. Seçkiönü kampaniyaya toxunan İlham Əliyev deyib ki, özünü təqdim etməyə ehtiyac yoxdur. "Mən özümlə yalnız müraciəti götürəcəm. Orada Heydər Əliyev siyasətinin davam etdirilməsinin zəruriliyi bildirilir"-kiçik Əliyev deyib. Onun sözlərinə görə, seçicilər bunu anlayır və bu onları müdafiə üçün yetərlidir.
Müxalifətin potensialı barədə suala cavab verən İlham Əliyev deyib ki, müxalifət "ciddi addımlar" atmağa və onun hakimiyyətə gəlişini əngəlləməyə qadir deyil. Onun sözlərinə görə, müxalifət hazırda azlıqdadır və sosial bazası yoxdur. İqtisadiyyatın bir nömrəli vəzifəsinə toxunan İlham Əliyev bəyan edib ki, onun atasının başladığını davam etdirmək kifayətdir, lakin bu daha irimiqyaslı olmalıdır.
Qarabağ barədə danışan İlham Əliyev bu regiona müstəqillik verilməsini istisna edib. Onun sözlərinə görə, problemin həllini bu regiona Azərbaycan tərkibində muxtarlıq verməkdə axtarmaq lazımdır.
Azərbaycanın ən mühüm müttəfiqi kimdir sualına cavab olaraq kiçik Əliyev ABŞ və Türkiyənin adını çəkib. ABŞ-ın köməyilə enerji layihələri gerçəkləşib, Türkiyə ilə Azərbaycanı isə ən sıx siyasi və mədəni əlaqələr birləşdirir. Rusiyanın yeni rəhbərliyi sayəsində son zamanlar bu ölkə ilə də münasibətlər yaxşılaşıb.
İlham Əliyev bəyan edib ki, Corc Buşun təbrik məktubunu yüksək qiymətləndirir və hesab edir ki, bu, ABŞ-ın ona böyük dəstəyidir.
[20.08.2003] Mitinq mövsümü bitdi
Müxalifətin birgə aksiyaları seçkidən sonraya qaldı
Seçkiyə iki aydan da az müddət qalsa da, ölkə müxalifətinin keçirdiyi kütləvi aksiyalara maraq azdır. Aksiyaların kütləviliyində də azalma müşahidə edilir.
1998-ci il seçkilərilə müqayisədə siyasi situasiya kəskin şəkildə fərqlidir. Beş il öncə avqust ayı siyasi cəhətdən ən qaynar ay idi. İri müxalifət partiyaları, prezidentliyə namizədlər toparlanmış, qüvvə mərkəzinə çevrilmişdi. Avqustun 15-dən müxalifətin izdihamlı küçə yürüşləri başlanmış və artan xətlə davam etməkdə idi. Bu il isə belə olmadı. Müxalifət ölgün, ümidsiz vəziyyətdədir. Düşərgə 1998-ci ildən sonra əhəmiyyətli hissəsini itirdiyi mövcud elektoratının da, necə deyərlər, “ağzını bir yerə yığa bilmir”. Hesabla müxalifətin iri güclərinin bir araya gəlib yaratdıqları Koordinasiya Mərkəzi indi ölkədə önəmli söz sahibi olmalı, siyasi proseslərə həlledici təsir rıçaqları əldə etməli idi. Çünki 24 avqust 2002-cü il Konstitusiya dəyişikliyini nəzərdə tutan referendumdan sonra bir araya gəlmiş müxalifət 2003-cü il seçkisini son şans hesab edirdi. Bütün taktiki və strateji gedişlər də buna uyğun qurulurdu. Yəni MKM partiyaları mümkün qədər bir-birilə korrekt davranır, hətta gələcək koalisiyalar haqqında düşünülürdü. Lakin iqtidar ideoloqlarının ustalıqla qurduğu oyun müxalif güclərin kövrək birliyini pozdu. Aprel ayından (o aydan ki, müxalifətin vahid namizədlə bağlı danışıqları zirvə nöqtəsinə çatmışdı) iqtidar opponentlərinin birliyi pozulmağa başladı. Dövlət başçısının səhhətində yaranmış problemlərin hədsiz şişirdilməsi özünü prezident görən müxalif iddialıların ambisiyalarını artırdı. Həmin aydan başlayaraq müxalif sosial bazanın gözünü dikdiyi MKM çat verdi. Müxalifətin əsas silahı olan kütləvi aksiyalar haqqında fikir müxtəlifliyi yarandı. Həmin hadisədən sonra ilk dəfə olaraq MKM yürüş-mitinqə parçalanmış şəkildə çıxdı. Apreldən sonra süni olaraq yaradılmış situasiya, Seçki Məcəlləsinə əlavə edilmiş 179.1 maddəsi hakimiyyətə iddialı iqtidar opponentlərinin əl-qolunu işdən soyutdu. İyun, iyul ayları, demək olar ki, boşuna getdi. Bu mənada ki, müxalifət birgə fəaliyyət və koalisiya ilə bağlı heç bir irəliləyiş əldə etmədi. Liderlərin birgə Amerika səfəri baş tutmadı. Yeri gəlmişkən, həmin səfər o qədər əhəmiyyətini itirib ki, indi heç o barədə danışılmır. Halbuki dəvət qüvvədədir. İqtidarın etdiyi gedişləri izləyən və olayların arxasınca sürünən müxalifət bir də avqustun əvvəli ayıldı. Nazirlər Kabinetindəki kadr yerdəyişmələri YAP opponentlərində şok effekti yaratdı. Hələ şokdan çıxa bilməmiş, məğlubiyyətə şərik və baiskar axtaran müxalifət də yenidən toparlanıb güc halına gəlmək istəsə də, artıq gecdir. Müxalifətin önəmli funksionerlərindən birinin dediyi kimi, vaxt itirilib. İndi dartılışılan mövzu üç-dörd ay əvvəl müzakirə edilməli, hətta qərara gəlinməli idi. Nəzərə alsaq ki, avqustun 15-də prezident seçkilərilə bağlı təbliğat və təşviqat mərhələsi start götürüb, qəti yəqinliklə söyləmək mümkündür ki, oktyabradək müxalifətin birgə aksiyalarının şahidi olmayacağıq. Bu arada müxalifətin başı namizədlərin təbliğinə qarışacaq. Bölgələrdə namizədlərin seçicilərlə görüşləri keçiriləcək. Hətta seçki bloklarının ayrı-ayrılıqda yürüş-mitinqlər keçirəcəyi də artıq planlaşdırılıb. Məsələn, İqbal Ağazadə bildirib ki, gələn həftədən “Bizim Azərbaycan” Seçki Blokuna daxil olan partiyaların mitinqləri keçiriləcək. Anoloji addımı AMİP - Tərəqqi - AXCP (i) üçlüyünün də atacağı istisna deyil. “Küçələrdən yığışmayan” Demokrat Partiyası da dinc oturası deyil. Yəqin ki, ADP-çilər liderlərinin ölkəyə qayıtmasını kütləvi aksiyalarla tələb edəcəklər. Bir sözlə, o vaxtadək yaşasa, Koordinasiya Mərkəzinin birgə kütləvi aksiyalarını bir də oktyabrın 15-dən sonra izləməli olacağıq.

daha çox oxuyun    [1] [2] [3]

"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info