ANA SƏHİFƏ
SEÇİN Kİ, SEÇİLƏSİNİZ! 15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir.
daha çox oxuyun    [1] [2] [3]
[14.09.2003] Ölkə veb məkanı üçün görünməmiş aktivlik
Bazar günü sentyabrın 14-də resursda keçirilən Qeydə alınmış namizədlərdən hansına üstünlük verirsiniz? adlı onlayn sorğuda Azərbaycan veb məkanı üçün şokedici göstəricilər əldə olundu. Beləki, səsvermənin keçirildiyi 38 gün ərzində prezidentliyə namizəd İlham Əliyevə respondentlər tərəfindən 97 səs verilsə də, ayın 14-ü saat 00.37-dən başlayaraq  19.52-dək namizədin lehinə daha 271 səs əlavə olundu. Bu isə bütün səsvermə müddətində toplanmış səslərin 29,3 %-ni təşkil edir. Məsələnin diqqəti çəkən tərəflərindən biri də «ildırım sürətli» səsvermə iştirakçılarının 90%-dən çoxunun xarici ölkələrdə yaşayan istifadəçilərin (IP) olmasıdır. Səsvermə «yağışı» məlumatın hazırlandığı anda da (23.05) davam edir. Ölkə veb məkanıa az-çox bələd olduğumuzdan bu göstəricilərin istifadəçilər tərəfindən qeyri səmimi qarşılanacağını əlbəttə ki, qanunauyğun saymaq olar. Onların bu göstəricilərə şübhəli münasibətləri artıq poçtumuza daxil olmaqdadır. İstifadəçilərimizin diqqətini 14 sentyabrda İlham Əliyev lehinə səsvermə dinamikasının bəzi bəzi məqamlarına cəlb etmək istərdik. (Ölkələr   IP-lər üzrə təyin edilmişdir)
N IP Time COUNRTY
1.      212.135.210 14:55 United Kingdom
2.      210.0.186.247 14:56 Hong Kong
3.      202.155.97.140 14:57 Indonesia
4.      210.187.40.139 14:57 Malaysia
5.      61.145.231.69 14:58 China
6.      203.12.97.25 14:59 Sydney, NSW, Australia
7.      80.24.168.4 14:59 Madrid, Spain
8.      202.57.70.27 15:07 Philippines
9.      203.47.248.130 14:22 Canberra, ACT, Australia
10.  212.8.208.150 15:38 Germany
11.  195.167.102.174 15:40 Greece
12.  195.117.55.100 15:40 Wroclaw, Poland
13.  210.190.2.100 15:41 Japan
14.  212.72.11.84 15:42 Oman
15.  203.115.26.51 15:55 Sri Lanka
Bizi qeyri səmimilikdə günahlandıran daha israrlı seçicilərimizə isə ayın 14-də verilən səslər barədə ətraflı informasiya təqdim etməyə hazırıq. Tezliklə bitkin araşdırmalar aparıb, nəticələr barədə məlumat verəcəyik. Hələliksə, nəticələri şübhə altına almağa tutarlı əsas yoxdur.  www.seckı.info
[13.09.2003]  BAZAR ERTƏSİNDƏN AMİP VƏ AXCP-nin PREZİDENTLİYƏ VAHİD NAMİZƏDİ OLACAQ
Xalq Cəbhəsi Partiyasının sədr müavini bunu bütün məsuliyyəti ilə bildirir
Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları bazar günü, sentyabrın 14-də AXCP Ali Məclisinin sessiyasının çağırılması barədə qərar verib, onun gündəliyinə zamanın ən vacib məsələsini daxil ediblər. Söhbət AXCP və AMİP-in vahid namizədinin müəyyənləşməsindən gedir. AXCP sədrinin müavini Həsən Kərimovla söhbətimiz bu mövzu ətrafında oldu:
- Bildiyiniz kimi, AXCP Ali Məclisi AMİP-lə müttəfiqlik haqqında sazişi daha da gücləndirmək üçün müzakirələri davam etdirmək barədə partiya sədri Əli Kərimliyə səlahiyyət vermişdi.
Artıq bu barədə müzakirələr, demək olar, bitib və AXCP Ali Məclisi müzakirələrin nəticəsi olaraq bazar günü keçiriləcək iclasında seçkilərdə hansı formada iştirak etməsini müəyyənləşdirəcək: ya AXCP seçkilərdə təkbaşına iştirak edəcək, ya da AMİP-lə koalisiya formasında birgə iştirak barədə qərar veriləcək.
- Bazar günü AXCP Etibar Məmmədova iki partiyanın vahid namizədi qismində dəstək verəcəkmi?
- Bu, Ali Məclis üzvlərinin qərarından asılı olacaq.
- Sizin fikrinizcə, AXCP Ali Məclisi Etibar Məmmədovu vahid namizəd qismində görəcəkmi?
- Mən bu məsələdə indi birmənalı fikir yürüdə bilmərəm. Çünki bu məsələdə Xalq Cəbhəsi Partiyasında indi birmənalı fikir yoxdur. Bu, Ali Məclisin iclasında partiya sədrinin çıxışından, vahid namizəd tərəfdarlarının təkbaşına iştiraka meylli olanları inandıra bilib-bilməyəcəklərindən asılı olan məsələdir.
- Dünənki iclasda AXCP rəyasət heyətinin üzvlərinin mövqeyi necə idi?
- Rəyasət heyəti qərar qəbul etmir. Bu orqan məsələni AXCP Ali Məclisinin sessiyasının gündəliyinə təqdim edib. Fikirləşdik ki, seçkiyə az vaxt qalır, təbliğat kampaniyamız hələlik Azərbaycan Dövlət Televiziyasında 10 dəqiqəlik çıxışlarla məhdudlaşır; bölgələrə, qəsəbə və kəndlərə hələlik getmirik. Çünki haqqında danışdığımız məsələni dəqiqləşdirməmişik. Ona görə də bazar günü AXCP-nin seçkidə hansı formada iştirakını müəyyənləşdirmək niyyətindəyik.
- Partiya sədri Əli Kərimlinin özü bu məsələyə necə baxır?
- Əli Kərimli AMİP-lə danışıqların nəticəsi barədə rəyasət heyətini məlumatlandırdı. Onun fikri belədir: Ali Məclis üzvlərini də məlumatlandıracaq və onların çıxaracağı hər hansı bir qərara tabe olaraq onu icra edəcək.
- Qərarla bağlı proqnoz vermək fikriniz yoxdur?
- Konkret bir söz demək istəmirəm. Təkrar edirəm: bu, sessiyanın gedişində tərəflərin bir-birini inandırıb-inandırmamasından asılı olacaq.
- Belə məlumatlar da dolaşır ki, Xalq Cəbhəsi Müsavat Partiyası ilə yaxınlaşa, İsa Qəmbərin vahid namizədliyini dəstəkləyə bilər...
- Bu, mümkün olan məsələ deyil. Bilirsiniz ki, Müsavat Partiyası Əli Kərimlinin rəhbərlik etdiyi legitim Azərbaycan Xalq Cəbhəsi Partiyasını deyil, AXCP-dən qopan "klassiklər" adlanan qrupu tanıyır. Ona görə də AXCP-nin bu seçkilərdə Müsavatı dəstəkləməsi mümkün deyil.
- Demək istəyirsiniz ki, bu məlumatlar heç bir əsasa söykənmir?
- Bəli. Bu, müxtəlif məqsədlərlə yayılan şayiələrdən başqa bir şey deyil. Sizə birmənalı şəkildə bildirirəm ki, bazar günü bu məsələyə nöqtə qoyulacaq.
- Yəni bazar ertəsindən etibarən AMİP-lə AXCP vahid namizədlə çıxış edə bilərlər?
- Bazar günü bütün Azərbaycan ictimaiyyətinə məlum olacaq ki, AMİP-lə AXCP-nin vahid namizədi var. Mən bunu bütün məsuliyyətimlə bildirirəm...
- Kimdir o?
- Təbii ki, mən bu statusda indi AXCP sədrini görürəm. Ancaq milli istiqlalçılar öz sədrlərini vahid namizəd qismində görürlər. Siyasi reallıq isə bunu başa düşməyi diqtə edir ki, vahid namizəd məsələsi təkcə bu iki partiyanın istəyi ilə məhdudlaşmır; bu, cəmiyyətin sosial sifarişidir. Əgər biz indiki iqtidara qalib gəlmək istəyiriksə və ümumi müxalifətin vahid namizədini müəyyənləşdirməyə nail ola bilmiriksə, onda Müsavat Partiyası istisna olmaqla digər iri güc mərkəzləri bir blokda birləşməlidirlər... Ayna
[13.09.2003]  Sentyabrın sonunadək Etibar Məmmədovun seçki bloku yaradılacaq
SEÇKİ BLOKUNUN ADI HƏLƏ MÜƏYYƏNLƏŞDİRİLMƏYİB
    Sentyabrın sonuna qədər AMİP sədri, prezidentliyə namizəd Etibar Məmmədovun seçki blokunun yaradılması prosesi başa çatacaq. Bu barədə "525"in müxbiri ilə söhbətində AMİP sədrinin təşkilati məsələlər üzrə müavini Əli Əliyev məlumat verib. Xatırladaq ki, AMİP funksionerləri E.Məmmədovun seçki blokunun yaradılacağını xeyli müddət bundan öncə bəyan ediblər. Hətta onlar bildiriblər ki, E.Məmmədovun seçki blokuna qoşulmaq üçün bir neçə partiya rəsmi şəkildə AMİP-ə müraciət ünvanlayıb. Amma hələlik "milli istiqlalçılar" partiyaların adlarının açıqlanmasını məqsədəuyğun saymayıblar.
   Ə.Əliyevin sözlərinə görə, E.Məmmədovun seçki blokunun yaradılması istiqamətində indiyədək xeyli iş görülüb. Amma hələlik bu işlər başa çatdırılmayıb: "Biz Etibar Məmmədovun seçki blokunun yaradılacağını seçki kampaniyasına start verilməzdən xeyli əvvəl bəyan etmişdik. Bu məsələ həmişə gündəmdə olub. Amma seçki blokunun konkret nə vaxt elan ediləcəyini deyə bilmərəm. Ümumi qərarımız belədir ki, ən geci sentyabrın sonuna qədər Etibar Məmmədovun seçki bloku yaradılsın. Onu da deyim ki, seçki blokunun yaradılması ilə bağlı danışıqlar aparmaq səlahiyyəti Etibar Məmmədovun özünə verilib. O, bu istiqamətdə müzakirələri davam etdirir. Lazım gəlsə, Etibar Məmmədovun özü barədə mətbuata açıqlama verəcək".
   Ə.Əliyev bildirib ki, E.Məmmədovun seçki blokunu yaratmaq elə də çətin bir məsələ deyil. Amma məsələ burasındadır ki, seçki blokunu yaradarkən siyasi reallıqlar nəzərə alınmalıdır.
   AMİP funksioneri bildirib ki, E.Məmmədovun seçki blokunun yaradılması "üçlər"in vahid namizədinin müəyyənləşməsi prosesindən asılı bir məsələ deyil. Amma yəqin ki, seçki bloku təsis edilərkən bu amil müəyyən qədər nəzərə alınacaq. Onun sözlərinə görə, E.Məmmədovun seçki blokunun adı hələ müəyyənləşməyib. Amma ad məsələsilə bağlı müzakirələr gedir.
   Ə.Əliyev deyib ki, seçki bloku elan edilməyənə qədər ona üzv olmaq istəyən partiyaların adları açıqlanmayacaq. Çünki həmin partiyaların adlarını indidən açıqlamaq etik baxımdan doğru deyil: "Seçki bloku təsis edilmədən onunla bağlı mətbuata və ictimaiyyətə geniş açıqlama verilməsini məqsədəuyğun saymırıq. Etibar Məmmədovun seçki bloku rəsmi şəkildə elan edildikdən sonra onun adı, üzvləri və proqramı açıqlanacaq. O ki qaldı seçki blokunun yaradılmasının bir qədər gecikməsinə, bu, o qədər də önəmli deyil. Etibar Məmmədovun seçki bloku yaxın vaxtlarda yaradılacaq və qarşısına qoyduğu məqsədlərə çatacaq. Buna bizim heç bir şübhəmiz yoxdur. Sadəcə, bunun üçün sonadək çalışmaq lazımdır". 525-ci qəzet  
[13.09.2003]  C.Əliyev: Seçki Məcəlləsi ölkədə demokratik seçkilər keçirməyə imkan verəcək
Azərbaycan parlamentinin qəbul etdiyi Seçki məcəlləsi ölkədə şəffaf və demokratik seçkilər keçirməyə imkan verəcək.
Senytabrın 12-də MM-in iclasında deputat Calal Əliyev belə bəyanatla çıxış etmişdir. O, demişdir ki, "lakin İ.Qəmbərov və onun dostları bunu başa düşərək, ölkədə qarışıqlıq yaratmaq istəyirlər".
Deputat həm də məlumat vermişdir ki, "Müsavat" partiyasının sədri hər bir məktəbliyə 5000 min manat verərək, onları mitinqdə iştirak etməyə çağırmışdır. C.Əliyevin sözlərinə görə, Bakı şəhərinin məktəb direktorları ona müraciət edərək, bu faktı müvafiq instansiyalara çatdırmağı xahiş etmişlər. O, qeyd etmişdir ki, "bu konkret faktdır və müvafiq instansiyalar lazımi tədbirlər görürlər".
C.Əliyev Mərkəzi seçki komissiyasının tərkibini dəyişmək barədə qərar qəbul etməyə dair təklif vermişdir. C.Əliyev demişdir:"Əgər MSK-dakı müxalifət nümayəndələri bundan sonra da Mərkəzi seçki komissiyasında boykotla bağlı halları təkrar etsələr, qoy müxalifət özünün yeni nümayəndələrini göndərsin, əgər göndərmirsə, çox yaxşı, komissiyanın iclasları onlarsız da keçirilə bilər".
MM spikeri Murtuz Ələsgərov müxalifətçilərin belə "xuliqanlıq hərəkətlərinə" fikir verməməyi təklif etmişdir. Onun dediklərinə görə, seçkilərə qədər çox az vaxt qalmışdır. Spiker demişdir:"Əgər onlara qarşı hər hansı sanksiyalar tətbiq edilsə, beynəlxalq təşkilatlar bunu bəyənməyəcəklər" .  Trend
[12.09.2003]  Şəffaf qutuları istehsal edən avadanlıq ancaq Honq-Konqdadır
Qutuların istehsalı mümkünsüzdür
Azərbaycanda şəffaf qutular istehsal edən zavodun aşkarlanması barədə mətbuatda müxtəlif məlumatlar yayılıb. Burada istehsal olunan qutuların sayının 1500 olduğu göstərilir. MSK-dan isə bildiriblər ki, bu məlumat həqiqətəuyğun deyil
“Seçkilərdə səsvermə üçün nəzərdə tutulan şəffaf qutuların Azərbaycanda istehsalı mümkün deyil. Əvvəla, Azərbaycanın şəffaf qutular istehsal etmək fikri yoxdur. Çünki artıq ölkəyə kifayət qədər şəffaf qutunun gətirilməsi üçün IFES Seçki Fondu ilə razılıq əldə edilib. Bu məsələ beynəlxalq qurumların nəzarətindədir. Ona görə də hər hansı manipulyasiya etmək mümkün deyil. Əgər kiminsə belə bir fikri olsa belə, qutuların istehsalı mümkünsüzdür. Bu qutuların dünyada analoqu yoxdur. Şəffaf qutular IFES-in sifarişi ilə Honq-Konqda istehsal edilib və bu işlər Almaniya səfirliyinin və ABŞ İnkişaf Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir Olaylar
[12.09.2003]  Fərəc Quliyev narazıdı
AXC-nin Bərpası üçün Təşəbbüs Qrupu “Bizim Azərbaycan” Seçki Blokuna qoşulub.
Sabiq hərəkatçılar və Cəbhənin veteranları bu addımı təqdir etmirlər. Qrupun yaradıcısı, sabiq millət vəkili Fərəc Quliyev deyib: “Təşəbbüs Qrupu cəbhəçilərə çağırış etmək üçün yaranmışdı. Bu çağırışı etdi.
Nəticə olaraq şöbələr öz müstəqilliklərini elan etdi və Koordinasiya Şurası yarandı. Amma AXC Təşəbbüs Qrupu adında bir qrup dostlarımız qalmışdı. İndi gedib başqa bir bloka daxil olublar. Bir blok digər bir bloka daxil olub. Burada artıq missiya dəyişdi. Mən o qrupun işinə qarışmıram. Mənim üçün bu davranış sürpriz olmadı. Bunu gözləyirdim”. F.Quliyev Təşəbbüs Qrupunun bu addımını əhəmiyyətsiz sayıb Olaylar
[12.09.2003]  AMİP ətrafı koalisiya yaranır
Bu, “dördlüyü” parçalayacaq
Gələn həftə AXCP-nin “islahatçılar” qanadı prezident seçkilərində necə iştirak edəcəkləri barədə yekun qərarı açıqlayacaqlar. Bu, radikal müxalifət düşərgəsində ciddi proseslərə start verəcək.
“İslahatçılar”ın hansı qərara gələcəklərini bəri başdan müəyyən etmək çətin deyil. Əli Kərimlinin tərəfdarları müsavatyönlülərin etirazına baxmayaraq, seçkilərdə AMİP lideri Etibar Məmmədovun dəstəklənməsi barədə qərar çıxaracaqlar. Bu qərar müxalifət düşərgəsində hər zaman, xüsusən seçki dövrü üçün zərərli olan bir prosesin - yeni qütbləşmənin başlanğıcı olacaq. Bu mərhələdə tərəflər istəməsələr belə, bir-birinə qarşılıqlı ittihamlar səsləndirməli olacaqlar. Çünki bu mərhələdə hər kiçik qrup hətta bir seçici uğrunda kəskin mübarizə gedəcək. Qütblərə bölünəcək qüvvələrin təxmini mövqeləri bəllidir. AMİP-AXCP (i) ittifaqına Çingiz Sadıqovun rəhbərlik etdiyi Tərəqqi Partiyasının ətrafında yaranmış ATA blokunun da qoşulacağı şəksizdir. Son bir neçə ildə Demkonqres təbliğat maşınının aramsız hücumlarına məruz qalan VHP lideri Sabir Rüstəmxanlı da yəqin ki, müttəfiqlərinin yanında olacaq. Hətta hər üç prezidentliyə namizədin birgə kütləvi aksiyalar keçirəcəyi də realdır. Artıq bir neçə gün öncə AMİP-in paytaxtda təkbaşına mitinq keçirmək niyyətində olduğu bildirildi. Çox güman ki, AMİP ideoloqları bu variant üzərində düşünürlər. 7 sentyabr mitinqi AMİP-ə qarşı çevrilməsə də, aksiyanın AMİP-in də daxil olduğu DSİ-ə qarşı güc nümayişi olduğu heç kimə sirr deyil. Məhz bu mitinqdən sonra Müsavat başqanı İsa Qəmbər iyulda təxirə saldığı ABŞ səfərini qəfil reallaşdırdı. BASB ideoloqları güman edirlər ki, 7 sentyabr mitinqindən sonra bütün dünya, Azərbaycanla maraqlanan iri dövlətlər vahid namizəd kimi İsa Qəmbəri “tanıdılar”. Amma tələsik və yanlış bir yanaşmadır. Əvvəla, Qərb və ABŞ radikal müxalifətin dörd partiyası ilə əməkdaşlıq edir. Onlardan biri də Müsavatdır. Qalan üç partiya isə dəfələrlə deyildiyi kimi, indiki reallıqda vahid namizəd kimi AMİP sədri Etibar Məmmədovu görürlər. Söz yox ki, AMİP yetkililəri bu üstünlükdən faydalanmağa çalışacaq və Qərbə heç kimin yox, Etibar Məmmədovun vahid namizəd kimi qəbul edildiyini sərgiləyəcəklər. Bunun üçün AMİP-in yetərincə imkanı var. Müttəfiqlərinin köməyi ilə “Qələbə” kinoteatrının qarşısında bircə aksiya keçirmək yetərlidir ki, AMİP 7 sentyabrdan əvvəlki mövqeyini tam bərpa edə bilsin. Görünür, AMİP ideoloqları situasiyanı düzgün qiymətləndirə biliblər. “Dördlər”dən birinin Etibar Məmmədovu müdafiə etməsi də AMİP liderini önə çıxarır. Tam yəqinliklə söyləmək olar ki, AMİPətrafı koalisiyanın əsas dayağı “islahatçılar” olacaq. Yeri gəlmişkən, Əli Kərimlinin tərəfdarları özlərini Demkonqresin növbəti və daha kəskin hücumlarına hazır olmalıdır. Bir neçə gün öncə müəyyən fasilədən sonra çıxış etməyə başlamış Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu müxalifəti qütbləşməyə çəkən açıqlama verib. F.Qəzənfəroğlunun bölücü mövqeyinə görə, AMİP-AXCP (i) koalisiyasına qarşı ADP-Müsavat ittifaqı qurulmalıdır. Doğrudur, BMH-nin 7-8 aylıq fəaliyyəti zamanı Müsavat-ADP koalisiyası baş tutmuşdu. Amma indi situasiya bunu mümkünsüz edir. Seçki ərəfəsidir. ADP bu cür ehtiyatsız qərar qəbul etməz. Güman ki, ADP nə Müsavat, nə də AMİPətrafı koalisiyalara qoşulmayacaq. Yəqin ki, ADP-də Böyük Quruluş Partiyası kimi üzvlərinə seçim azadlığı verəcək. Ola bilsin ki, seçkiyə bir gün qalmış ADP üzvlərinin “Demokratik qüvvələrə səs verin” çağırışı ilə müraciət edəcək. ADP müstəqil addım atsa belə, AMİPətrafı koalisiya “Bizim Azərbaycan”a ciddi alternativ olacaq. Olaylar
[11.09.2003]  7 SENTYABR MİTİNQİ BU GÜN Az.TV-de
Müsavat başqanının çıxışı televiziyada saat 21:00-da, radioda 21:30-da yayınlanacaq
Bu gün Azerbaycan Dövlet Televiziyasında ve radiosunda namizedlerin teşviqat aparması üçün ayrılan efir vaxtında növbe Müsavat başqanı İsa Qemberindir. “Bizim Azerbaycan” Blokunun prezidentliye vahid namizedinin bu gün üçüncü çıxışı olmalıdır. Xeber verdiyimiz kimi, İsa bey ABŞ-da seferde olduğuna göre televiziya tamaşaçılarına onun sentyabrın 7-de keçirilen kütlevi aksiyadakı çıxışı teqdim olunacaq. Eyni zamanda tamaşaçılar möhteşem aksiyanın görüntülerini de Az.TV ile seyr ede bilecekler. Hemin çıxış radio dinleyicileri üçün de verilecek.
Xatırladaq ki, Müsavat başqanının efir vaxtı hemişe olduğu kimi, bu defe de televiziyada saat 21.00-da, radioda ise 21.30-da başlanacaq.
Müsavat başqanını radio ile dinlemek isteyen dinleyicilerin nezerine çatdırırıq ki, Azerbaycan radiosuna FM dalğasında 88 MQHS-de qulaq asmaq olar. Yeni Müsavat
[11.09.2003]  Səsvermə üçün 7500 şəffaf qutu gətirilib
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində istifadə etmək üçün Bakıya şəffaf qutular gətirilmişdir.
Bu barədə IFES-in (Seçki Sistemləri üzrə Beynəlxalq Fond) Bakı ofisindən məlumat vermişlər. Hazırda 7500 daşınmaz qutu Bakı Hava Limanındadır. Qutuların bu partiyasının sponsorları Almaniyanın Bakıdakı səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAID). Səyyar qutular isə Azərbaycana ən yaxın vaxtlarda gətiriləcək, çünki sentyabrın axırına kimi onlar seçki məntəqələrində yerləşdirilməlidir.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri dövründə 5 min seçki məntəqəsi fəaliyyət göstərəcək, onlar həm səyyar, həm də daşınmaz şəffaf qutularla təmin ediləcək. Zamazn
[10.09.2003] İqtidarın prezidentliyə namizədləri böyük üstünlüklərini saxlayırlar
“Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi sosioloji sorğu keçirib
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası tam gücü ilə aparılır. Prezidentliyə namizədlər təbliğatın bütün imkanlarından istifadə edirlər. Teleçıxışlar, teledebatlar, təşviqat materiallarının çoxaldılması, bölgələrə səfərlər və sair üsullar özünə yer tutub. Seçki təbliğatının ilk iki həftəsi seçicilərə necə təsir edib? Hansı siyasətçilər daha şanslıdır?

“Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi bu suallara cavab almaq üçün Bakı və Sumqayıt şəhərlərində sosioloji sorğu keçirib. Sorğuda 500 respondent iştirak edib. Onların 55 faizi kişi, 45 faizi qadın olub. İştirakçıların 57 faizini gənclər təşkil edib. Respondentlər müxtəlif peşə sahibləri, ziyalılar, işsizlər və evdar qadınlar olublar. Nəticələr aşağıdakı kimidir:
I. Seçkilərdə aşağıdakı siyasətçilərdən hansına səs verəcəksiniz?
1. H.Əliyev, yaxud İ.Əliyev - 61,7 faiz
2. L.Şövkət - 8,7 faiz
3. E.Məmmədov - 8,2 faiz
4. İ.Qəmbər - 7,4 faiz
5-6. Ə.Kərimli - 5 faiz
5-6. Y.Oğuz - 5 faiz
7. S.Rüstəmxanlı - 2,3 faiz
8. İ.İsmayılov - 1 faiz
9. Q.Həsənquliyev - 0,3 faiz
10-11. H.Hacıyev - 0,2 faiz
10-11. A.Səmədov - 0,2 faiz
Qeyd: Siyasi reytinqlərin bu cür nisbəti prezidentliyə namizədlərin təbliğat kampaniyasının effekti ilə birbaşa bağlıdır.
1. H.Əliyev, yaxud İ.Əliyevin təbliğatı peşəkarlığı və səmərəliliyi ilə seçilir. Həm real siyasi addımlar, həm beynəlxalq və daxili dəstəyin getdikcə artması, həm də təşviqat materiallarının daha peşəkar hazırlanması iqtidarın namizədlərinin reytinqini hiss ediləcək dərəcədə artırıb. Ötən ayla müqayisədə bu, 10 faizdən çoxdur. Teleçıxışda İ.Əliyevin təmkinli fikirləri və teledebatlarda H.Əliyevlə İ.Əliyevi təmsil edənlərin sanballı davranışları respondentlərin rəyinə təsir göstərib. Bunlara İ.Əliyevin Baş nazir kimi keçirdiyi görüşlərdən yaranan təəssüratları da əlavə etmək lazımdır.
2. Lalə-Şövkətin reytinq cədvəlində bir neçə pillə irəliləməsi seçkidə tutduğu müstəqil mövqeni qorumaqda davam etməsinin nəticəsidir. Onun ilk videoblokda yaratdığı təbliğat effekti, ikinci teleçıxışda ittihamsız danışaraq millətçi mövqe nümayiş etdirməsi və əsasən ümummilli məsələlərə fikir verməsi nəticəsini göstərir. Lalə xanımın Dağlıq Qarabağ məsələsində Türkiyə ilə hərbi-siyasi müttəfiqliyə əsas rol ayırması da ictimai rəyə müsbət təsir edən amildir.
3. Təbliğat kampaniyasının ilk iki həftəsini E.Məmmədov üçün də uğurlu saymaq olar. Doğrudur, ötən ayla müqayisədə onun səs faizində elə bir dəyişiklik olmayıb. Həm də o, L.Şövkət qədər konstruktiv görünməyib. Lakin E.Məmmədov bəzi həmkarları kimi də radikallığı hədsiz səviyyəyə çatdırmayıb. Onun dövlət başçısı haqda bir kobud ifadəsindən başqa qıcıqlandırıcı fikri olmayıb. Buna baxmayaraq, E.Məmmədovun mövqeyini dayanıqlı saymaq olmaz. Çünki hələlik bu namizəd seçki platformasının konkret sahələrə aid hissəsini açıqlamayıb. Populizm üzərində uzunmüddətli uğur qazanmaq mümkün deyildir.
4. İsa Qəmbərin reytinqdə geriləməsi normal haldır. Onun birinci və ikinci teleçıxışı zəif təsir bağışladı. İ.Qəmbər seçkiqabağı təqdim edilən obrazına uyğun gəlmədi. Bu da ictimai rəyə dərhal təsirini göstərdi. İkinci amil Müsavat Partiyasının çox radikal xətt götürməsi ilə bağlı ola bilər. Həm funksionerlər, həm də onlara bağlı mətbu orqanlar obyektiv mövqe nümayiş etdirmirlər. Seçici bunu görür və adekvat reaksiya verir. İ.Qəmbərin seçki platformasını kifayət qədər effektli açıqlaya bilməməsi də mənfi təsir göstərən səbəblərdəndir.
5-6. Əli Kərimli demək olar ki, ən çox mövqe itirəndir. “İslahatçılar”ın təmsilçisi ilin əvvəlində yığdığı siyasi xalları xərcləməkdədir. Onun teleçıxışlarda nümayiş etdirdiyi natiqlik qabiliyyətini komandasının radikal davranışları və tabeliyində olan mətbu orqanların prezidentliyə namizədlər haqqında qərəzli mövqeyi heçə endirir. Eyni zamanda, Ə.Kərimli çıxışında emosional ittihamlara çox yer verməklə ictimai rəyi qıcıqlandırır. Son teledebatda onun təmsilçisinin təhqiramiz hərəkəti Ə.Kərimlinin siyasi reytinqinə çox pis təsir edəcəkdir.
5-6. MVP sədri Yunus Oğuz isə əvvəlki mövqeyini saxlaya bilib. O, buna təbliğat kampaniyasında təmkinli, müstəqil və real mövqe tutması ilə nail olub. Y.Oğuzun teleçıxışları ictimai rəydə ciddi reaksiya doğurub. MVP sədri prezident kürsüsü uğrunda təbliğatda seçdiyi üsul belə deməyə əsas verir ki, Y.Oğuz getdikcə reytinqini qaldırmaq imkanını saxlayır.
7. VHP-nin prezidentliyə namizədi S.Rüstəmxanlının reytinqində irəliləyişə nail ola bilməməsinin əsas səbəbi təbliğatda kifayət qədər fəal və səmərəli olmamasıdır. Onun teleçıxışları və teledebatlardakı fikirləri ictimai rəyə elə bir ciddi təsir göstərə bilmir. Bu namizədin təşviqat materialları da orijinal təsir bağışlamır. Belə davam etsə, S.Rüstəmxanlı autsayderlərlə bir cərgədə ola bilər.
8. Ədalət Partiyasının namizədi İ.İsmayılov isə ənənəvi mövqeyində qalmaqdadır. O, təbliğatını elə müstəvidə aparır ki, orada uğura ümid bəsləmək imkanı çox azdır. Bu namizədin təbliğat kampaniyasında nə sistemlilik, nə də səmərəlilik hiss olunmur. Onun orijinal görünmək istəyi ictimai rəy tərəfindən qəbul edilmir.
9. Qüdrət Həsənquliyev teleçıxışları ilə sosial bazasını itirməkdədir. Onun ortaya qoyduğu seçki platformasını bir qədər dağınıqlığı ucbatından ictimai rəy maraqla qəbul etmədi. Q.Həsənquliyev teleçıxışlarında konkret hansı siyasi-ideoloji xətti götürdüyünü tam mənası ilə aça bilmir. AXCP ənənələrinə sadiq qalan elektorat hissəsi bunu anlamır və qəbul etmir.
10. Hafiz Hacıyev haqda politoloji aspektdə nəsə demək çətindir. Onun təbliğatda tutduğu mövqenin uğur gətirə biləcəyinə ümid sıfırdır. Respondentlərin cavabları da bunu təsdiq edir.
11. Abutalıb Səmədov isə daha çox söz müstəvisində manevrlər edir. O, nə Hafiz Hacıyev kimi hədsiz radikallıq göstərir, nə də effektli təbliğat apara bilir. Azərbaycan elektoratı sözçülük müstəvisini çoxdan tərk edib. Odur ki, A.Səmədovun danışıqları hədəfə çatmır və respondentlərin ona səs verməməsi təəccüblü deyildir.
II. Sizcə, mitinqlər vasitəsilə indiki şəraitdə siyasi reytinqi yüksəltmək mümkündür?
a) Bəli - 25 faiz
b) Xeyr - 71 faiz
v) Cavab verməkdə çətinlik çəkirəm - 4 faiz
Qeyd: Azərbaycan seçicisi real nəticələr verə bilən siyasi vədlərə üstünlük verir. Kütləvi aksiyalar hazırda seçki uğuru üçün məqbul sayılmır. Bu, yeni siyasi obraza yaranan ehtiyacın ifadəsidir.
YENİ AZERBAYCAN
[07.09.2003] Canlı efirdə seçici uğrunda qladiator döyüşləri
Namizədlər seçki mübarizəsində "yeni texnologiyalardan" bəhrələndilər 
Çoxdan davam edən qarşılıqlı təhqir və itthamlar seçki kompaniyasının 39-cu günündə bütün sərhədləri aşaraq rezdentliyə namizədlərin canlı efirdə, bütün Azərbaycan xalqınıngözü qarşısında əlbəyaxa olmaları ilə kulminasiya nöqtəsinə çatdı. Şənbə günü axşam (sentyabrın 6-da) Azərbaycan televiziyasının I kanalı ilə efirə gedən prezidentliyə namizədlərlə dəyirmi masada  prezidentliyə namizəd Əli Kərimlinin AXCP(i) səlahiyyətli nümayəndəsi Fuad Mustafayevlə digər prezidentliyə namizəd Hafiz Hacıyev arasında qarşılıqlı təhqir və söyüşlərin məntiqi ardıcıllığı olaraq əməlli-başlı dava düşdü. Verilən məlumata görə canlı yayım dayandırıldıqdan sonra daha da kəskinəşən hadisələr yalnız gecədən xeyli keçmiş səngiyib. Hadisə yerinə gələn Səbayıl rayon polis idarəsinin rəhbərliyi baş verən insidentə kəskin reaksiya verib. Xuliqanlıqda ittiham olunan Fuad Musafayev barəsində Səbayıl rayon polis idarəsi tərəfindən axtarış elan edilib. Polis İdarəsinin rəhbərliyi teleşirkətin işinin pozulmasını xüsusilə xoşagəlməz hal kimi qiymətləndirib. Öz növbəsində Fuad Mustafayev tutduğu əməldən heç də peşman olmadığını və sabah (senyabrın 8-də) istintaqa gedib ifadə vermək niyyətində olduğunu bildirib. Qeyd edək ki, hadisədən dərhal sonra televiziya kanallarından birinə müsahibə verən Hafiz Hacıyev Fuad Mustafayevlə əlbəyaxa olarkən rəqibinə dəstək verən digər müxalifət nümayəndələrinin də təcavüzünə məruz qaldığını bildirib.
Görünür seçkilərin sürprizlərlə dolu olacağını bəyan edənlər heç də yanılmayıblar. Allah sonrasından qorusun.  Seçki.info

[06.09.2003] AVROPA SEÇKİ PROSESİNİ NƏZARƏTƏ GÖTÜRÜR
Bakıdakı ATET nümayendeleri ve Avropa Şurası ölkelerinin sefirleri her hefte xüsusi toplantı keçirmeye qerar veribler
Robin Sivord: “Bütün namizedlere beraber imkanların yaradılması son derece vacibdir”
Azerbaycandakı seçki prosesi beynelxalq ictimaiyyetin diqqetindedir. Melum olduğu kimi, hem ABŞ, hem de Avropa ölkeleri ölkemizde prezident seçkilerinin azad ve edaletli keçirilmesinin önemini defelerle vurğulayıblar. Düzdür, evvelki seçki proseslerinde de biz oxşar beyanat ve açıqlamaların şahidi olmuşuq. Amma bu defe beynelxalq alemin davranışlarında müeyyen ferqler, Vaşinqtondan ve Avropadakı çeşidli merkezlerden konkret addımlar müşahide olunur.
Meselen, Avropa Şurası ölkelerinin sefirleri ve ATET nümayendeleri her heftenin çerşenbe axşamı ATET-in Bakı ofisinde keçirilecek görüşlerinde Azerbaycandakı seçkiqabağı veziyyeti müzakire etmek qerarına gelibler. Bu haqda ATET-in “Turan” agentliyine gönderdiyi press-relizde deyilir. Melumata göre, bu görüşler Azerbaycan hökumetinin seçkilerin keçirilmesi üçün beynelxalq standartlara cavab veren elverişli şeraitin yaradılmasında desteklenmesi üzre seylerin birleşdirilmesi meqsedile keçirilecek. Keçen çerşenbe axşamı keçirilmiş ilk bu cür görüşde prezident seçkilerine qalmış 6 hefte erzinde açıq seçkiqabağı kampaniya ve bütün namizedler üçün beraber şeraitin yaradılması üzre bir sıra prisiplerin tam gözlenilmesinin vacibliyi qeyd olunub. Bu görüşde ATET-in Bakı ofisinin rehber evezi Robin Sivord deyib ki, qarşıdakı seçkiler Azerbaycana demokratiya yolunda vacib addım atmaq üçün imkandır. Seçki qanununa deqiqlikle riayet olunmalıdır. Eyni zamanda Sivord 15 oktyabr seçkilerinde müşahideçi qisminde iştirak etmek üçün Merkezi Seçki Komissiyasında qeydiyyatdan keçerken Azerbaycan vetendaşlarının üzleşdikleri bezi problemlerden narahat olduğunu bildirib: “Bütün namizedlere seçkiqabağı kampaniyanın aparılması, KİV-den istifade edilmesi üçün beraber imkanların ve seçki günü elektoratın azad seçim heyata keçire bilmesi üçün şeraitin yaradılması son derece vacibdir.”
Press-relizde deyilir ki, Avropa Şurası ölkeleri sefirleri ve ATET nümayendelerinin görüşleri, çox ehtimal ki, seçkilerden sonrakı ilk bir neçe hefte erzinde de keçirilecek.
Avropa ölkelerinin bu addımı şübhesiz ki, teqdirelayiqdir ve alqışlanmalıdır. Azerbaycan xalqı daim gözleyib ki, avropalılar elan etdikleri prinsiplere uyğun hereket etsinler ve aparılan demokratiya mübarizesinde bize destek versinler. Bu destek ölkede heqiqi xalq hakimiyyetinin qurulması ve uzunmüddetli, legitim sabitliyin temin olunması baxımından çox önemlidir. Amma yene de son söz Azerbaycan xalqınındır. Yeni Müsavat
[06.09.2003] Prezident seçki günü ərəfəsində Vətənə qayıdacaq
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sözlərinə görə, seçki günü ərəfəsində prezident Heydər Əliyevin Vətənə qayıdacağı gözlənilir. O deyib ki, prezidentin səhhəti yaxşıdır. Ramiz Mehdiyev həmçininn Klivlenddə müalicə olunan prezidentlə mütəmadi telefon əlaqəsi saxladığını da bildirib. Zaman
[05.09.2003] MSK dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirir
Azərbaycan Mərkəzi seçki komissiyası (MSK) sentyabrın 4-də dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirən mütəxəssis qrupları ilə məşğələlər aparmağa başlamışdır.
MSK-da verilən məlumata görə, məşğələlər 3 gün ərzində keçiriləcək.Bundan əlavə, sentyabrın 12-16-da zonalar üzrə dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilməsi planlaşdırılır.
Həmçinin sentyabrın 12-dən dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiriləcək.
Qeyd edək ki, sentyabrın 2-3-də MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarında protokol tərtibinə məsul olan komissiya üzvləri üçün treninq -seminarı artıq keçirmişdir. Trend

[05.09.2003] MKM-in tarixin arxivinə göndərilməsi tam təsdiqləndi
“Dördlük” uğursuz London görüşündən sonra vahid namizəd məsələsinə bir daha qayıtmayacaq.
Dünən “dördlüy”ün (AMİP, ADP, AXCP(i) və Müsavat) yaratdığı Demokratik Sabitlik İttifaqı adlı qurumun keçirdiyi tədbirdə MKM-i çağırmağın daha mümkün olmadığın anlayan partiyalar özləri hər həftənin dördüncü günləri toplaşmaq və mətbuat konfransı keçirmək barədə qərar qəbul ediblər.
DSİ-nin ilk mətbuat konfransında mediaya AMİP sədri Etibar Məmmədov bilgi verdi. O, əsasən seçkiqabağı situasiyanı müzakirə etdiklərini diqqətə çatdırdı. AMİP sədrinin sözlərinə görə, toplantıda “dördlüy”ün seçkidə hansı formada iştirakıyla bağlı müzakirələr aparılmayıb. Yalnız bir-birlərinə seçki prosesində bəzi məsələlərdə yardımçı olmaq haqda danışıblar. Məmmədovun bu fikirləri onu deməyə əsas verir ki, “dördlük” uğursuz London görüşündən sonra vahid namizəd məsələsinə bir daha qayıtmayacaqlar.
AMİP-AXCP(i)-”Tərəqqi” sazişinin vahid namizədlə bağlı bəndinin taleyinin qeyri-müəyyənlikdən nə vaxt xilas olacağına gəlincə, Məmmədov bildirdi ki, məsələylə bağlı müzakirələr çoxdan başlayıb və indi də davam etdirilir”. AMİP sədri danışıqların nə vaxt sona catacağı barədə dəqiq tarix söyləyə bilmədi. Onun sözlərindən belə çıxdı ki, özü də “üçlüy”ün vahid namizəd məsələsində dil tapacağına əmin deyil. Qaldı ki müttəfiqlərin anlaşmasından sonra bunun DSİ-nin fəaliyyətinə təsir etməsi haqda irəli sürülən ehtimallara cavab olaraq Məmmədov “bizim sazişimizin indiki ittifaqa heç bir zərəri yoxdur. İki müttəfiq sazişə uyğun olaraq addım atırsa, bunun “dördlük”də kimə qarşısa yönəldiyini düşünmək lazım deyil”,- dedi.
MKM-in taleyilə bağlı sualı cavablandıran Məmmədov məsələnin açıq qaldığını dedi: “Düzdür, bu məsələ hələ də açıq qalır. Əslində, prosesi həll olunmuş saymaq da mümkündür”. AMİP sədri əlavə etdi ki, MKM-in funksiyasını hazırda “dördlük” yerinə yetirir. Onun “Koordinasiya Mərkəzindəki partiyalardan dördü DSİ-ni yaradıb, bəziləri isə çıxıb gedib” fikirləri dolayısıyla MKM-in dağılmasına işarə idi. Bununla belə, Məmmədov MKM-in dağılmasının baiskarı kimi “dördlüy”ün adının hallanmasıyla barışmadığını da söylədi: “MKM-in çağırılma növbəsi VHP-dədir. Onlar isə belə bir təşəbbüs göstərmirlər”.
Qeyd edək ki, Sabir Rüstəmxanlı mətbuata açıqlamasında MKM məsələsilə bağlı mövqeyini açıqlayıb. Dünən də jurnalistlərlə söhbətində Koordinasiya Mərkəzindən çıxdıqlarını bildirən VHP sədri qurumun çağırılması barədə düşünmədiklərini və MKM-in “dördlüy”ün fəaliyyəti nəticəsində dağıldığını bir daha diqqətə çatdırdı. “Dördlüyün” London görüşünü təşkil edəndə və yeni qurum yaradanda onlarla hər hansı müzakirə aparmadığını əsas gətirən Rüstəmxanlı bildirib ki, belə olan təqdirdə VHP-nin MKM-də qalmasına lüzum yoxdur. Mərkəz
[05.09.2003] Azərbaycan dünyanın 30-dan artıq ölkəsindən müşahidəçilər dəvət edib
Seçkilər şəffaflıq və demokratiya prinsiplərinə uyğun keçiriləcək.
Azərbaycan oktyabrın 15-nə təyin olunmuş prezident seçkilərini müşahidə etmək üçün dünyanın 30-dan artıq ölkəsindən və bir çox beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət etmişdir.
AR XİN mətbuat mərkəzində verilən məlumata görə, bu barədə Azərbaycan xarici işlər naziri Vilayət Quliyev MDB İcraiyyə komitəsinin sədri- icraçı katibin müavini Dmitri Bulaxovla görüşündə məlumat vermişdir. Nazir əmin olduğunu bildirmişdir ki, seçkilər şəffaflıq və demokratiya prinsiplərinə uyğun keçiriləcək.
D.Bulaxov məlumat vermişdir ki, səfərin əsas məqsədi MDB müşahidəçilərinin prezident seçkilərində iştirakı ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarətdir. O, qeyd etmişdir ki, MDB İcraiyyə Komitəci seçkilərə mühüm əhəmiyyət verir, MDB müşahidəçiləri seçkiləri fəal izləyəcəklər. Trend
[04.09.2003] YAP-çılar prezidentliyə namizəd Heydər Əliyevin təbğliğatını davam etdirir
Hakim "Yeni Azərbaycan" Partiyasından (YAP) prezidentliyə namizəd Heydər Əliyevin təbliğatı ilə bağlı vəkillərinin ölkə bölgələrinə səfərləri davam edir.
Bu xəbər YAP-ın mətbuat xidmətindən daxil olub. Xəbərə görə YAP nümayəndələri bu gün İsmayıllı, Tovuz Qobustan,Tərtər, Lənkəran, Şəmkir, Qusar, Goranboy, Saatlı, Neftçala, Salyan, Masallı, Şamaxı, Qazax, Sabirabad, Qax, Göyçay rayonlarında olublar.
Seçicilərlə görüşən partiya nümayəndələri seçiciləri qarşıdakı prezident seçkilərində Heydər Əliyevə səs verməyə çağırıblar Turan
[04.09.2003] Ədliyyə nazirliyi tədbir görəcək?
AMİP və AXCP (i) buna inanmır
Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlər Etibar Məmmədov və Əli Kərimlinin televiziya çıxışlarında digər namizəd Heydər Əliyevin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaydıqlarına görə tədbirlərin görülməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.
AXCP(i) mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu bildirib ki, Ədliyyə Nazirliyinin namizədlər barədə hər hansı qərar qəbul edəcəyi inandırıcı deyil. Onun bildirdiyinə görə, Ə.Kərimli onun üçün ayrılmış növbəti efir vaxtında daha kəskin çıxış edəcək. “Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlər Əli Kərimli və Etibar Məmmədov barəsində Ədliyyə Nazirliyinə göndərdiyi müraciət milli istiqlalçılar arasında da narahatçılıq yaratmayıb”. Bu sözləri isə AMİP Seçki Qərargahının sədri Fuad Ağayev deyib: “Sadəcə olaraq, bu, qorxutmaq məqsədi daşıyır. Etibar Məmmədova qarşı hər hansı bir məsələnin yaradılmasına heç bir hüquqi əsas yoxdur”. Fuad Ağayevin sözlərinə görə, hətta belə bir cəhd olsa, seçkilərin demokratik keçiriləcəyinə dair olan şübhələr artacaq. Olaylar
[03.09.2003] YAP seçki prosesini rahat keçəcək
Gülər Əhmədova: “Hesab etmirəm ki, vahid namizəd olsaydı, problemlərimiz çox böyüyərdi”
Prezident seçkilərində müxalifətin vahid namizədlə bağlı bir araya gələ bilməməsi hakim partiya üçün münbit şəraitin yaradılması kimi qiymətləndirilir. Millət vəkili Gülər Əhmədova bildirib ki, vahid namizədin müəyyən edilməməsi prosesləri asanlaşdırır:
“Hesab etmirəm ki, hər hansı vahid namizəd olsaydı, bizim problemlərimiz çox böyüyərdi. Sadəcə, müxalifət partiyalarının o qədər də böyük olmayan səslərinin parçalanması şübhəsiz ki, əks tərəf üçün pozitiv bir məqamdır. Ona görə də vahid namizədin olmaması YAP üçün münbit bir vəziyyətdir. Buna baxmayaraq, bütün hallarda seçki prosesi YAP üçün çox rahat və asan olacaq”. Olaylar
[03.09.2003] Ambruaz Düpon muxalifət liderləri ilə görüşüb
Bu gün Azərbaycanda səfərdə olan Fransa Senatının Cənubi Qafqaz ölkələri parlamentlərarası dostluq qrupunun rəhbəri Ambruaz Düpon AMİP sədri, prezidentliyə namizəd Etibar Məmmədovla görüşüb.
Bu barədə AMİP mətbuat xidmətindən bildiriblər. Görüşdə seçki kampaniyasının gedişi, namizədin proqramı, AŞ-ya münasibət, Ermənistan-Azərbaycan münaqişəsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Ambruaz Düpon bu gün müxalifətdən prezidentliyə digər namizədlər İsa Qəmbər və Əli Kərimli ilə də görüşüb Turan
[03.09.2003] Ayaz Mütəllibov AMİP sədri ilə seçkiqabağı vəziyyəti müzakirə edib
Moskvada məcburi mühacirətdə olan eks-prezident Ayaz Mütəllibovla AMİP sədri, prezidentliyə namizəd Etibar Məmmədov arasında telefon söhbəti olub.
Bu barədə AMİP mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, telefon söhbəti zamanı seçkiqabağı vəziyyət və iki lider arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Turan
[03.09.2003] İsa Qəmbər və Ayaz Mütəllibov seçkiqabağı vəziyyətini müzakirə ediblər
İsa Qəmbər və Ayaz Mütəllibov telefonla seçkiqabağı vəziyyəti və müxalifətin əməkdaşlığı məsələlərini müzakirə ediblər
Sosial-Demokrat Partiyasının həmsədri, Azərbaycanın eks-prezidenti Ayaz Mütallibov Moskvadan "Müsavat" Partiyasının lideri İsa Qəmbərə zəng edib və onlar ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdakı prezident seçkiləri ilə bağlı məsələləri müzakirə ediblər.
Bundan başqa, seçkilər ərəfəsində müxalifət partiyaları arasında əməkdaşlığın mümkün istiqamətləri və formaları barəsində də fikir mübadiləsi aparılıb Turan
[03.09.2003] “İslahatçılar” Etibar Məmmədovu dəstəkləyəcəklər
Əli Kərimli “Bizim Azərbaycan”a alternativ yaradır
London sammitinin uğursuz sonucu vahid namizəd məsələsi ilə daha çox manipulyasiya edən AXCP-nin “islahatçılar” qanadını çətin duruma salıb. “İslahatçılar” ən azı sentyabradək bu məsələ ilə alver edib siyasi qazanc götürmək niyyətində idilər.
İndisə onların manevr imkanları xeyli daralıb. Amma Əli Kərimlinin tərəfdarları hələ də qəti mövqe qoymağa tələsmirlər. Ötən ildən bəllidir ki, “islahatçılar” 2003-cü il seçkilərində müstəqil iştirak etməyəcəklər. Çünki Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin parçalanması, Əli Kərimlinin şəxsən elçibəyçi elektoratın qınağına tuş gəlməsi “islahatçılar”ın perspektivini qeyri-müəyyən etdi. 2000-ci ildə partiyanın əhəmiyyətli hissəsi Mirmahmud Mirəlioğlunun tərəfinə keçmişdi. Milli Məclisdə qazanılan 6 mandata böyük tərəddüdlə yiyə duran “islahatçılar” beş-altı ay da mandat qınağına tuş gəldilər. Nəhayət, 2002-ci ildə başlamış “bütövləşdirmə” oyunları partiyanı xeyli silkələdi. “İslahatçı” Cəbhə çat versə də, müxalifətin iri partiyalarının, xüsusilə AMİP-in dəstəyi ilə AXCP (i) varlığını qoruyub saxlaya bildi. MKM-in yaranması Əli Kərimliyə ikinci nəfəs verdi. Hələ onda bəlli idi ki, Əli Kərimli 2003-cü il seçkilərində müstəqil iştiraka yox, iri partiyalardan birinə güzəştə üstünlük verəcək. Təbii ki, daha çox ehtimal vardı ki, AXCP (i) onu dəfələrlə çətin durumdan qurtarmış AMİP-ə dəstək verəcək. Lakin böhrandan çıxan AXCP (i) AMİP-lə əsəb müharibəsinə çıxdı. MKM-in hər mitinqindən sonra “islahatçı” təbliğat vasitələrinin Əli Kərimlini böyük, Etibar Məmmədovu kiçik, zəif göstərmələri, AXCP (i)-nin yalnız Müsavatdan geri qaldığını nəzərə çarpdırmaları aydınca göstərirdi ki, AMİP - Tərəqqi - AXCP (i) sazişinə asanlıqla əməl olunmayacaq. Sonrakı proseslər göstərdi ki, Əli Kərimli daha böyük formatda qəbul olunmuş vahid namizədə güzəştə getmək, yəni “iri partiya” statusunu saxlamaq istəyir. “İslahatçılar”ı AMİP-dən uzaqlaşdıran həm də Müsavatın AXCP-yə (i) doğru reveransları idi. Bəllidir ki, “klassiklər”in müstəqil kurs tərəfdarı olan dayaqlarını tam sıradan çıxarıb özünə tabe edən Müsavat irəli gedib “islahatçılar”la danışıqlara başlamışdı. Başqan müavinlərindən biri açıqca deyirdi ki, “biz istəyirik ki, İsa Qəmbərin ətrafında Əli Kərimli də olsun”. Bütün Demkonqres yetkililəri, ziyalıları, AMAL-çılar, Qarabağ qaziləri, redaktorlar da bu işə qatılmış, köhnə umu-küsünü aradan götürmək, psixoloji maneələri qaldırmaqla Əli Kərimli - İsa Qəmbər ittifaqı yaratmağa cəlb edilmişdilər. Əli Kərimlidən də onlara lazımi impulslar gəlir, ümidverici mesajlar alınırdı. Baş “islahatçı” vasitəçiləri inandırmışdı ki, “İsa Qəmbərin namizədliyini nəinki mən dəstəkləyəcəm, hətta AMİP-i də buna cəlb edəcəm”. Əli Kərimli bu vədləri AMİP-ə də verirdi. Əslində onun məqsədi vahid namizədin böyük formatda qəbuluna nail olmaq və beynəlxalq təşkilatların təzyiqilə Müsavat başqanını Etibar Məmmədovun xeyrinə geri çəkilməyə vadar etmək idi. Belədə AXCP (i) sədri həm “birləşdirici lider” imici qazanar, həm də partiyasının statusunu qoruyardı. Bir partiyaya güzəşt edəndə isə “islahatçılar”ın Müsavatın seçki blokuna apreldən qoşulmuş “klassiklər”dən heç bir fərqi olmayacaqdı. Göründüyü kimi, London görüşü AXCP (i) başbilənlərinin niyyətini boşa çıxardı. İndi “islahatçı”lar Etibar Məmmədov - İsa Qəmbər seçimini etməlidirlər. Çünki builki seçkilərdə müstəqil iştirak etməyin “islahatçılar”a heç bir xeyri yoxdur. Öncə deyildiyi kimi, Əli Kərimli özünü 2008-ci ilə hazırlayır. O, qəti güzəşt addımını atmaq üçün sentyabrı gözləyir. Bunu onun davranışları da göstərir. Məsələn, son teleçıxışı zamanı AXCP (i) sədri seçiciləri özünə yox, “müxalifətin namizədlərindən birinə” səs verməyə çağırdı. Amma müttəfiqi AMİP getdikcə vahid namizədlə bağlı tələblərini daha gur səsləndirməyə başlayıb. Əli Kərimli iradəsinin və mənafeyinin ziddinə olsa da, AMİP liderinə güzəşti sürətləndirməlidir. Gələn həftə Ali Məclis partiyanın seçkidə iştirakı məsələsini müzakirəyə çıxarmalıdır. Böyük ehtimalla, “islahatçı” Ali Məclis bu məsələni AMİP liderinin xeyrinə həll edəcək. AMİP - Tərəqqi - AXCP (i) sazişinin yenidən gündəmə gətirilməsi də bunu sübut edən amildir. Bəllidir ki, MKM dağıldıqdan sonra fəaliyyətini ATA (Azərbaycan Tərəqqi Alyansı) blokunda davam etdirən Tərəqqi Partiyası sözügedən blokun genişləndirilməsinə çalışır. “İslahatçılar”a yaxın mətbuatın ATA-nı geniş təbliğ etməsi bəzi gizli mətləblərə aydınlıq gətirir. Sözügedən mətbuat ATA-nı 20 partiyanın birləşdiyi qurum kimi səciyyələndirir. Yəqin ki, yaxın günlərdə “üçlər” sazişi qüvvəyə minəcək və sözügedən “20 partiyanın birləşdiyi blok” “islahatçılar”ın dəstəklədiyi namizədin təbliğatçısına çevriləcək. Beləliklə, Əli Kərimlinin “Bizim Azərbaycan”a alternativ yaratdığı bəlli olur. Olaylar

daha çox oxuyun    [1] [2] [3]
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info