ANA SƏHİFƏ
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
daha çox oxuyun    [1] [2] [3] [4]  
[07.10.2003]  İlham Əliyevin reytinqi sürətlə artır
Namizədlər arasında indiki baş nazirin şansı daha çoxdur
Seçki kampaniyası ötən həftə xeyli dəyişikliklərlə müşayiət edildi. Prezidentliyə namizədlərdən yarışdan çəkilənləri də oldu, bölgələrə səfərlər önə çıxdı. Bunlar ictimai rəyə nəzərəçarpan dəyişikliklər edib. Həm prezidentliyə namizədlərin siyasi reytinqləri, həm də qüvvələr nisbətinin konkretləşməsi baxımından, maraqlı əlamətlər özünü göstərib. “Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi keçirdiyi sosioloji sorğuda bu prosesləri araşdırıb. Bakı və Sumqayıt şəhərlərində 500 respondentin rəyi öyrənilib. Onların 95 faizi müxtəlif peşə sahibləri, 5 faizi isə işsiz olub. Rəyi soruşanların 50 faizi kişi, 50 faizi isə qadın olub. Gənclər respondentlərin 62 faizini təşkil edib. Orta yaşlılar 28 faiz, yaşlılar isə 10 faiz olub. Bütün anketlər etibarlıdır. Nəticələr aşağıdakı kimidir. Seçkidə aşağıdakı siyasətçilərdən hansına səs verəcəksiniz? 1. İlham Əliyev - 67,8 faiz 2. Etibar Məmmədov - 9,4 faiz 3. İsa Qəmbər - 8,2 faiz 4. Lalə Şövkət - 7,1 faiz 5. Sabir Rüstəmxanlı - 4,1 faiz 6. İlyas İsmayılov - 1,6 faiz 7. Qüdrət Həsənquliyev - 1,2 faiz 8. Hafiz Hacıyev - 0,6 faiz Qeyd: Nəzərə almaq lazımdır ki, prezidentliyə namizədlərin sayının 8-ə düşməsi reytinq cədvəlinə təsir edib. Lakin böyük ölçüdə rolu siyasi fəaliyyət, təbliğat kampaniyasının aparılması oynayıb. 1. Heydər Əliyevin namizədliyini İlham Əliyevin xeyrinə geri götürməsi ciddi siyasi rezonans doğurub. İctimai rəy bu hadisəyə müsbət reaksiya verərək İ.Əliyevə daha çox meyl etməyə başlayıb. Bu, H.Əliyevin müraciətindən keçən qısa zaman kəsimində özünü göstərib. Həmin dinamika İ.Əliyevin mövqeyini daha da möhkəmlədib. İkinci amil İ.Əliyevin bölgə səfərləri ilə bağlıdır. Bölgələrdəki görüşlərdə kütləviliyin və təşkilatın yaxşı səviyyəsinin görünməsi İ.Əliyevin reytinqinə ciddi təsir edib. Ona səs verənlərin sayı getdikcə artır. Ötən həftənin sonunda İ.Əliyevin reytinqinin təbliğat kampaniyası başlayandan rekord göstəriciyə çatması bu səbəbdən təəccüblü deyil. Sorğunun nəticələrinin təhlili göstərir ki, proseslərin bu dinamikada inkişafı İ.Əliyevi daha şanslı edəcək. Hələlik ona mane ola biləcək siyasi amil gözə dəymir. 2. AMİP-in prezidentliyə namizədi E.Məmmədov əvvəlki mövqeyini saxlaya bilib. Ancaq belə görünür ki, onun Ə.Kərimli ilə koalisiyası da hiss ediləcək dərəcədə müsbət təsir göstərmir. Bölgələrə səfər zamanı Ə.Kərimlinin E.Məmmədova sosial baza dəstəyi hiss edilmir. E.Məmmədovun reytinq dinamikası da qaneedici görünmür. Onun reytinq faizi cüzi dəyişib. Qalan müddət ərzində hər hansı kəskin dəyişiklik ehtimalı sıfra bərabərdir. E.Məmmədovun bölgə səfərlərinin xüsusi effekt verməməsi də öz təsirini göstərir. 3. “Bizim Azərbaycan”ın təsis edilməsi də ictimai rəydə İ.Qəmbərin mövqeyini dəyişməyib. Onun radikal çağırışları respondentləri çəkindirir. Bölgə səfərləri də gözlənilən effekti vermir. Yerlərdə seçicilər real vəd, konkret söz eşitmirlər. Bundan başqa səfərlərin həmişə qalmaqallarla müşayiət olunması da seçici fikrinə təsirini göstərir. Nəhayət, İ.Qəmbərin reytinqinə E.Məmmədovun fəaliyyətinin təsiri özünü daha qabarıq göstərməyə başlayıb. Onların rəqabəti bir-birinə mane olmaq səviyyəsinə gəlməkdədir. 4. Lalə Şövkət əvvəlki tempi davam etdirməkdə çətinlik çəkir. Onun müstəqil mövqe nümayişi İ.Əliyevin oxşar konsepsiyasının kölgəsinə düşməyə başlayıb. L.Şövkət bir qədər öncəki reytinq sıçrayışından sonra sabit bir rəqəm ətrafında tərəddüd etməyə başlayıb. L.Şövkətin siyasi amil olaraq situasiyanı dəyişə bilmək şansı minimal görünür. Onun ümid etdiyi siyasət müstəvisini daha xarizmatik və praqmatik siyasətçi olan İ.Əliyev tutub. Bu rəqabət L.Şövkətin reytinqini yüksəlməyə qoymur. 5. VHP-nin prezidentliyə namizədi S.Rüstəmxanlı da reytinqini yüksəldə bilmir. Onun mövqeyində müsbət dəyişikliklərin simptomları görünür. Ancaq bu, çox deyil. Siyasi qanunauyğunluq baxımından, S.Rüstəmxanlının ziyalı obrazı kifayət qədər praqmatik müstəviyə keçə bilmir. S.Rüstəmxanlı teleçıxışında bunu açıq hiss etdirir. Onun seçki platformasında da seçici qeyri-adi bir şey görə bilmir. 6. İ.İsmayılov seçkiyə bir həftə qalmışa qədər autsayder mövqeyini tərk etməyib. Onun təbliğat kampaniyasının xarakteri ötən həftə dəyişməz qalıb. İctimai rəy, demək olar ki, İ.İsmayılova reaksiya vermir. İnersiya ilə təbliğat kampaniyasının başlanğıcında verilən səslər dəyişməz qalır. 7-8. Qüdrət Həsənquliyev və Hafiz Hacıyevin reytinqlərində isə elə bir dəyişiklik nəzərə çarpmır.  Olaylar
[30.09.2003]  Əliyevlərin reytinqi daha da artır
Son həftənin hadisələri seçki dinamikasına ciddi təsir edib
 Ötən həftə siyasi proseslərdə hiss ediləcək dərəcədə maraqlı hadisələr baş verdi. Ümumi siyasi mənzərənin şəkli dəyişdi. Prezidentliyə namizədlərin atdıqları addımlar ictimai rəyin dinamikasını dəyişmiş kimi görünür. Seçkinin necə keçəcəyi və hansı nəticələr verə biləcəyi baxımından, siyasətçilərin reytinqlərinin vəziyyətini müəyyənləşdirmək vacib idi. “Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi bu məqsədlə Bakı və Sumqayıt şəhərində sosioloji sorğu keçirib. Sorğuda iştirak edən 500 nəfərin 50 faizi qadın olub. Gənclər 51, orta yaşlılar 40, yaşlılar isə 9 faiz təşkil edib. Rəyi soruşulanların 83 faizi müxtəlif peşə sahibləri, 15 faizi evdar qadın, 2 faizi isə işsiz olub. Nəticələr aşağıdakı kimidir. Seçkidə aşağıdakı namizədlərdən hansına səs verəcəksiniz?
1. H.Əliyev, yaxud İ.Əliyev - 65,9 faiz
2. E.Məmmədov - 9,5 faiz
3. İ.Qəmbər - 8,4 faiz
4. L.Şövkət - 7,5 faiz
5. S.Rüstəmxanlı - 4,2 faiz
6. İ.İsmayılov - 2,1 faiz
7. Q.Həsənquliyev - 1,2 faiz
8. A.Səmədov - 0,6 faiz
9. H.Hacıyev - 0,6 faiz
Qeyd: Ə.Kərimli və Y.Oğuzun namizədliklərini geri götürməsi ilə reytinq cədvəlində “sürüşmələr” baş verib. Bunların bəzisi “texniki” xarakter daşıyırsa, digərləri siyasi amillərlə, namizədlərin fəaliyyətləri ilə bağlıdır. 1. H.Əliyev, yaxud İ.Əliyevin aparıcı mövqelərini saxlaması və başqa namizədləri bir qədər də qabaqlaması siyasi fəaliyyətlə bağlıdır. İlham Əliyev baş nazir kimi keçirdiyi görüşlər, etdiyi səfərlər və teleçıxışında tutduğu mövqe ilə ictimai rəyə ciddi müsbət təsirini saxlayıb. Onun reytinqinin artmasına konstruktiv və təmkinli siyasi mövqeyi ilə başqa namizədlərdən seçilən, müstəqil siyasi kurs götürmüş Yunus Oğuzun güzəştə getməsi də təsirini göstərib. Çünki İ.Əliyevlə məhz konstruktiv düşüncəli namizədin əməkdaşlığa getməsi qalmaqallı siyasətçilərin davranışları fonunda çox pozitiv təəssürat yaradır. Bunlardan başqa İ.Əliyevin BMT-nin 58-ci sessiyasındakı çıxışı ictimai rəydə böyük rezonans doğurub. Dağlıq Qarabağ məsələsinin səbəbləri, indiki durumu, ATƏT-in passiv fəaliyyəti və problemin həlli yolları haqda baş nazirin dedikləri seçicinin rəğbətini qazanıb. Yekun olaraq bu amillər İ.Əliyevin reytinqinə bir neçə faiz əlavə edib. Proseslərin bu yöndə inkişafının seçki gününə onun şansını çox yüksəldəcəyi gözlənilir. 2. AMİP-in prezidentliyə namizədi Etibar Məmmədovun reytinq cədvəlində itirilmiş mövqeyini bərpa etməsi də maraqlı hadisədir. Görünür, E.Məmmədova digər namizədlərin radikallığını artırması təsir edib. Bir qrup namizəd isə passiv olduğundan rəqabət apara bilmir. Bundan başqa E.Məmmədov seçki platformasında bəzi sosial yönlü məqamları açıqlayır. Bunlar az da olsa, müsbət təsirini göstərir. Lakin böyük ölçüdə onun İ.Əliyevə rəqib ola biləcəyi artıq imkansız görünür. 3. İsa Qəmbər faktiki olaraq durğunluğu saxlayır. Onun reytinqi eyni bir göstərici ətrafında tərəddüd edir. Müsavat başqanının bölgələrə səfərləri də bu məsələdə ona yardım etməyib. Belə güman edilir ki, onun son zamanlar daha radikal mövqe tutması və seçki günündən çox ondan sonrakı mərhələ haqda danışması seçicini çəkindirir. Bu dinamika davam etsə, Müsavatdan prezidentliyə namizəd malik olduğu “reytinq plankası”nı aşa bilməyəcək. 4. Lalə Şövkət məzmunlu teleçıxışlarını effektiv və praqmatik siyasi addımlarla tamamlaya bilmir, teleekrandan yaratdığı müsbət rəyi konkret səfərləri ilə möhkəmlədə bilmir. Onun bölgələrə səfərləri elə bir təsir bağışlamadı. L.Şövkət namizəd kimi yalnız teleekranda mövcuddur. Əyani görüşlərdə seçicidə inam oyada bilmədiyi duyulur. Ona görə də reytinq cədvəlində 2 pillə geriləyib. Ancaq L.Şövkət müstəqil mövqeyi, sosial-iqtisadi yönlü seçki platformasına malik olmağı ilə vəziyyətini müəyyən dərəcədə yaxşılaşdıra bilər. 5. VHP-dən prezidentliyə namizəd Sabir Rüstəmxanlı təbliğatında müəyyən irəliləyiş əldə edə bilib. Bu da cüzi də olsa, onun reytinqinə müsbət təsir edib. S.Rüstəmxanlının son teleçıxışında elm, mənəviyyat, təhsil və mədəniyyətlə bağlı milli mövqedən danışması da ictimai rəyə təsir edib. Onun siyasi qalmaqallardan uzaq durmağa çalışması da təsirsiz ötüşmür. 6. İ.İsmayılovun bu mövqeyi “texniki sürüşmə”dir. Ədalət Partiyasının təmsilçisi təbliğatı ilə belə bir effekt yarada bilmir. Əksinə, getdikcə hiss olunur ki, o, əlini seçkidən üzüb. Yalnız iştirak naminə təbliğat aparır. İ.İsmayılov ictimai rəydə özünü hiss etdirə bilmədi. Onun məmur-bürokrat məntiqi təbliğat meyarlarına uyğun gəlmir. Çox güman ki, o, seçki yarışını elə bu ruhda da başa vuracaq. 7-9. Q.Həsənquliyev, A.Səmədov və H.Hacıyevin reytinqləri, demək olar ki, dəyişməz qalıb. Olaylar
[23.09.2003]   Heydər və İlham Əliyevlər liderdilər
 İqtidar təmsilçiləri aparıcı mövqelərini saxlayırlar
Təbliğat kampaniyasının dördüncü həftəsi müxtəlif siyasi hadisələrlə zəngin oldu. Prezidentliyə namizədlərin təbliğat məqsədilə həyata keçirdikləri tədbirlərdən əlavə geosiyasi xarakterli hadisələr də baş verib. Bütün bunlara Azərbaycanın ictimai rəyi həssaslıqla reaksiya verib. “Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi siyasətçilərin reytinqlərinin dəyişməsi baxımından, siyasi proseslərin dinamikasını öyrənmək məqsədilə Bakı və Sumqayıt şəhərlərində sorğu keçirib. Sorğuda 500 respondent iştirak edib. Rəyi soruşulanların əksər hissəsini (80 faiz) seçkidə potensial olaraq aktiv iştirak edə biləcək yaş qrupu (18-50 yaş arası) təşkil edib. 15 faizini 50-60 yaş arası, 5 faizini isə 60-dan yuxarı yaşı olanlar təşkil edib. Rəyi soruşulanların 95 faizi müxtəlif peşə sahibləridir. Onların 54 faizi kişi, 46 faizi isə qadındır.
Nəticələr aşağıdakı kimidir: Siz prezident seçkisində aşağıdakı namizədlərdən hansına səs verəcəksiniz?
1. H.Əliyev, yaxud İ.Əliyev - 62 faiz
2. E.Məmmədov - 8.9 faiz
3. L.Şövkət - 8.6 faiz
4. İ.Qəmbər - 7.0 faiz
5. Y.Oğuz - 6.6 faiz
6. S.Rüstəmxanlı - 2.9 faiz
7. İ.İsmayılov - 1.5 faiz
8. Q.Həsənquliyev - 1.1 faiz
9. Ə.Kərimli - 1.0 faiz
10. A.Səmədov - 0.3 faiz
11. H.Hacıyev - 0.1 faiz
Qeyd: Göründüyü kimi, son həftə siyasətçilərin reytinq cədvəlində elə bir dəyişiklik olmayıb. Yalnız autsayderlər cərgəsində kiçik yerdəyişmələr var. Bununla yanaşı bir sıra siyasi amilin təsiri də hiss olunur. Hər bir siyasətçi üçün onun ayrıca əhəmiyyəti olub. 1. H.Əliyev, yaxud İ.Əliyev liderliyini qoruyub. H.Əliyevin bu ayın sonuna qədər vətənə dönəcəyi haqdakı informasiyalar ictimai rəyi optimist ovqata kökləyib. İ.Əliyevin Yaltada keçirdiyi görüşlər, teleçıxışında söylədiyi fikirlər və teledebatda onun nümayəndəsinin tutduğu mövqe reytinqinin yüksək qalmasını təmin edib. İctimai rəydə İ.Əliyevin yeni siyasətçi obrazı möhkəmlənməkdədir. Dörd həftədir, onun rəqiblərini xeyli qabaqlaması bunun göstəricisidir. Respondentlərin rəyinə İ.Əliyevin seçki platformasında əsasən sosial-iqtisadi sahəyə üstünlük verməsi də təsir edib. 2. Etibar Məmmədov ikinci pilləyə qalxa bilib. E.Məmmədovun irəliləyişi səbəbi arasında psixoloji aspekt də var. Onun müxalifətdə birləşdirici rolu barədə son vaxtlar daha çox danışılır. Belə bir informasiya da əhali arasında dolaşır ki, başqa qüvvələr də E.Məmmədova dəstək verə bilərlər. Bundan başqa E.Məmmədovun Yevlaxdakı görüşü ictimai rəyə təsir edib. Onun çıxışlarda sosial aspektə diqqəti artırması müsbət nəticəsini verir. Ə.Kərimlinin də namizədliyini onun xeyrinə geri götürməsi E.Məmmədovun reytinqinin artmasına təsir edib. 3. Lalə Şövkət əvvəlcədən götürdüyü milli və sosial yönlü seçki platformasını davam etdirir. Onun sosial sahədə ədalətli mövqeyi və xarici siyasətdə Türkiyə amilinə ayrıca yer verməsi reytinqə müsbət təsir edən amillərdir. L.Şövkət həm də əhali ilə birbaşa təmaslarında müstəqil mövqe tutur və əsasən sosial-iqtisadi sahədə nə edəcəklərindən danışır. Onun millətçi kimi çıxış etməsi də ictimai rəydə pozitiv qarşılanıb. Lakin onun E.Məmmədov tərəfdən ciddi “təqib” olunduğu da görünür. 4. İsa Qəmbər reytinqini yaxşılaşdıra bilmir. Onun son teleçıxışı sönük təsir bağışladığından və əhali ilə görüşlərdə parlaq təsir bağışlamadığından reytinqini itirməkdə davam edir. İ.Qəmbərin çıxışlarda sosial-iqtisadi sahədə eyni şeyləri təkrarlaması da respondentlərdə inamsızlıq doğurub. Onlar İ.Qəmbərdən yeni fikir eşidə bilmirlər və onun reytinqi aşağı düşür. 5. MVP-dən prezidentliyə namizəd Yunus Oğuz mövqeyini saxlayıb. Həftə ərzində onun teleçıxışda, teledebatda və Qobustanda əhali ilə görüşdə çıxışları effekt verməkdədir. Y.Oğuzun ardıcıl, müstəqil və sistemli mövqeyini qoruması siyasi dividentlərini verir. Xüsusilə teleçıxışda Azərbaycana “bölünmüş xalq” statusunun, həmçinin milli təhlükəsizliklə əlaqəli təklifləri, teledebatda xarici siyasət haqdakı müzakirələrdə obyektiv dövlətçi və azərbaycançı mövqedə dayanması müsbət təsirini göstərib. Y.Oğuz əhali ilə görüşdə də cəlbedici fikirlər söyləyə bilib. 6. S.Rüstəmxanlı sakit və pozitiv çıxışına rəğmən reytinqində ciddi dəyişikliyə hələlik nail ola bilmir. Görünür, seçicidə onun praqmatik və fəal siyasətçi obrazı yaranmayıb. S.Rüstəmxanlının bölgələrə səfərləri sonrası vəziyyət dəyişə bilər. Ancaq onun teleçıxışda və teledebatda kifayət qədər effektli görünməsinin də böyük əhəmiyyəti olardı. Reytinq cədvəlində bir qədər irəliləməsi daha çox Ə.Kərimlinin enişi ilə bağlıdır. 7. Ədalət Partiyasının sədri İ.İsmayılov son teleçıxışında da müsbət keyfiyyətlərlə fərqlənmədi. Artıq onun siyasi təqdimatı monoton və gözyorucu xarakter alıb. Mahiyyət və məzmun baxımından da, İ.İsmayılovun platformasında bir dəyişiklik gözə dəymir. Onun bu tempdə davam etməsi ilə reytinqini yaxşılaşdıra bilməsi ehtimalı azdır. 8. Əli Kərimlinin sürətli enişi davam edir. O, demək olar ki, artıq autsayderlər cərgəsindədir. Bunun əsas səbəbi olaraq Ə.Kərimlinin E.Məmmədovun siyasi obrazının kölgəsinə düşməsidir. Çox güman ki, qısa müddətdə, ümumiyyətlə, Ə.Kərimliyə səs verən olmayacaq. Ə.Kərimlinin teleçıxışları da heç bir müsbət divident gətirməyəcək. İctimai rəydə prezidentliyə namizəd kimi Ə.Kərimli yox olmaqdadır. 9. Qüdrət Həsənquliyev seçki platformasının təqdimatında əvvəlki üsuldan istifadə etməklə irəliləyə bilmir. Onun teleçıxışlarda rəqibləri ittiham tonuna üstünlük verməsi də əleyhinə işləyən amildir. Q.Həsənquliyev “cəbhəçi” kimi millətçilik, dövlətçilik prinsiplərinin tam ifadəçisi kimi görünmək istəyir. 10. Abutalıb Səmədov özündən çox başqasının seçki platformasından danışdığından və keçmiş təhlilə üstünlük verdiyindən ciddi təsir edə bilmir. A.Səmədov çıxışlarında müəyyən pozitiv məqamları qabarda bilsə də, bütövlükdə sistemli platformaya sahib olması təəssüratı yaranmır. 11. Prezidentliyə namizəd Hafiz Hacıyev zahirən bir qədər sakitləşsə də, əvvəlki mövqeyində qalmaqdadır. Onun kəskin ifadələr və ara sözləri ilə dolu çıxışları siyasi reytinqinə müsbət təsir göstərmir. Odur ki, H.Hacıyev sonuncu yerdə mövqeyini möhkəmlətməkdədir. Bu, politoloji dəyərləndirmə çərçivəsindən kənardadır Olaylar
[16.09.2003]   İlham Əliyev böyük fərqlə irəlidədir
Ötən həftə seçki təbliğatının aparılması baxımından, bir çox məqama aydınlıq gətirdi.
Namizədlər sosial-iqtisadi proqramlarının təqdimatını davam etdirdilər. Onların siyasi reytinqlərinin dinamikası da bir qədər dəyişdi. İctimai rəy namizədlərin mövqelərini necə təqdim etməsindən asılı olaraq uyğun reaksiyalar verdi.
Prezidentliyə namizədlərin şanslarına bütün bunların necə təsir etdiyini araşdırmaq məqsədilə “Sel” Analitik İnformasiya və Sorğu Mərkəzinin keçirdiyi sorğu maraqlı sonuclar verdi. Sorğuda 502 respondent iştirak edib. Anketlərin 500-ü yararlı olub. Respondentlərin 50 faizi kişi, 50 faizi isə qadın olub. Onların 57 faizini gənclər, 33 faizini orta yaşlılar, 10 faizini isə yaşlılar təşkil edib. Rəyi soruşulanların sosial tərkibi çox müxtəlif olub. Sorğu Bakı və Sumqayıt şəhərlərində keçirilib. Nəticələr aşağıdakı kimidir. Seçkidə aşağıdakı namizədlərdən hansına səs verəcəksiniz? 1. H.Əliyev, yaxud İ.Əliyev - 61,9 faiz 2. L.Şövkət - 9,6 faiz 3. E.Məmmədov - 8,4 faiz 4. İ.Qəmbər - 7,2 faiz 5. Y.Oğuz - 6,4 faiz 6. Ə.Kərimli - 3 faiz 7. S.Rüstəmxanlı - 2,5 faiz 8. İ.İsmayılov - 0,5 faiz 9. Q.Həsənquliyev - 0,3 faiz 10. A.Səmədov - 0,1 faiz 11. H.Hacıyev - 0,1 faiz Qeyd: Göründüyü kimi, namizədlərin siyasi reytinqlərində kifayət qədər hiss ediləcək dəyişikliklər baş verib. Bunun seçki təbliğatının gedişi ilə bağlı olduğu şübhəsizdir. Siyasi amillərin kompleks təsiri siyasi reytinq dinamikasını özünəməxsus tempə salıb. Namizədlərin hər birinin ayrılıqda şansları dəyərləndirilib. 1. H.Əliyev, yaxud İ.Əliyevin şansının daha da artdığını müşahidə edirik. Bunun səbəbi kimi H.Əliyevin təbliğ və təşviqinin yüksək səviyyədə qurulması, İ.Əliyevin seçki platformasını daha geniş açıqlaması və konkret tədbirlərdə iştirak etməsini göstərmək olar. İ.Əliyev teleçıxışında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı praqmatik mövqe ortaya qoymaqla ictimai rəyə ciddi təsir edib. Seçicilər onun bu yanaşmasına ümidlə baxırlar və uğur qazanacağına əmindirlər. Onu teledebatda təmsil edən nümayəndəsinin iqtisadi konsepsiya ilə bağlı dedikləri də İ.Əliyevin mövqeyini möhkəmlədib. Burada da real iqtisadi təhlillər və proqnozlar təsirini göstərib. Bundan başqa İ.Əliyevin istehsal obyektlərinin açılışında iştirakı, müxtəlif rəsmi görüşlərdə söylədiyi fikirlər onun reytinqinə müsbət təsir edən amillərdəndir. Təsadüfi deyil ki, həftədən həftəyə onun reytinqində irəliləyişlər olur. 2. Lalə Şövkətin reytinqdə ciddi dəyişiklik etməsi həftənin diqqət çəkən olaylarındandır. Bu namizədin təmkinli çıxışı və ölçülü-biçili davranışı nəticəsini verir. L.Şövkətin milli məsələlərə münasibəti, Dağlıq Qarabağa aid mövqeyi, sosial-iqtisadi problemlərə, xüsusilə rüşvət və korrupsiyaya yanaşması ictimai rəydə müsbət təsirlər oyadıb. Lalə xanımın heç bir siyasi qalmaqala, kütləvi aksiyalara qarışmamaq xəttini davam etdirməsi də həftə ərzində onun siyasi reytinqinə təsir edib. Bu səbəbdən o, reytinq cədvəlinin yuxarı pilləsində olanları sıxışdıra bilib. L.Şövkət bu kursunu davam etdirsə, reytinq cədvəlindəki mövqeyini möhkəmlədə bilər. 3. Etibar Məmmədov reytinqdə geriləməsə də, irəliləyişə də nail ola bilmir. Ancaq o, siyasi reytinqini sabit saxlaya bilib. Buna ən çox təsir edən amilin həftə ərzində Ə.Kərimlinin ona güzəştə gedəcəyi haqdakı informasiyaların dolaşmasının olduğunu düşünürük. Özlüyündə E.Məmmədovun çıxışı həftə ərzində elə bir effekt vermədi. O, seçki platformasını da lazımi səviyyədə açıqlamadı. Bu səbəbdən onun reytinqində elə bir irəliləyiş əldə edə bilməməsi aydındır. 4. Müsavat başqanı İ.Qəmbərin reytinqinin düşməkdə davam etməsinin siyasi səbəbləri onun fəaliyyətini konstruktiv məcraya yönəldə bilməməsi ilə bağlıdır. Mitinqdəki radikal çağırışlar seçicini çəkindirməkdədir. Odur ki, İ.Qəmbər həftə ərzində siyasi reytinqində irəliləyiş edə bilmədi. Onun təmsilçisinin teledebatdakı zəif mövqeyi də öz təsirini göstərib. 5. MVP sədri Y.Oğuzun reytinqində yüksəliş davam edir. Həftə ərzində onun etdiyi çıxış və teledebatda tutduğu mövqe konstruktivliyi ilə fərqləndi. Y.Oğuz sosial-iqtisadi problemlərin həllində real təhlillərə və hesablamalara söykənən fikirlər söylədiyindən ictimai rəydə geniş əks-səda doğurub. Onun mövqeyindəki praqmatizm, davranışındakı təmkin kifayət qədər təsirli olub. Y.Oğuza üstünlük verən başqa bir amil isə, ilk növbədə, sadə adamların maraqlarından çıxış etməsidir. O, çıxışının məzmunu ilə xalqın adamı, xalqın siyasətçisi olduğunu sübut edir. Bu templə davam etsə, MVP lideri reytinq cədvəlində daha yüksək yerləri tuta bilər. 6. Əli Kərimlinin E.Məmmədova güzəştə getməsi, şübhəsiz, reytinqinin enməsinə səbəb olub. 7. Sabir Rüstəmxanlı da mövqelərini yaxşılaşdıra bilmir. O, həftə içindəki çıxışı ilə reytinqində dəyişiklik edə bilməyib. Görünür, Sabir bəyin şair kimi danışması siyasətçi olaraq təsir bağışlamasına mane olur. Hər halda reytinqdəki 7-ci yer ona çox az perspektiv vəd edir. 8. İ.İsmayılov, Q.Həsənquliyev, A.Səmədov və H.Hacıyevin təqribən eyni mövqedə olduğu görünür. Bu namizədlər nə teleçıxışda, nə də teledebatda seçiciyə effektli təsir edə bilmirlər. Ona görə də onların əsas hissədən geridə qalması təəccüblü deyil. Olaylar
[10.09.2003] İqtidarın prezidentliyə namizədləri böyük üstünlüklərini saxlayırlar
“Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi sosioloji sorğu keçirib
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası tam gücü ilə aparılır. Prezidentliyə namizədlər təbliğatın bütün imkanlarından istifadə edirlər. Teleçıxışlar, teledebatlar, təşviqat materiallarının çoxaldılması, bölgələrə səfərlər və sair üsullar özünə yer tutub. Seçki təbliğatının ilk iki həftəsi seçicilərə necə təsir edib? Hansı siyasətçilər daha şanslıdır?

“Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi bu suallara cavab almaq üçün Bakı və Sumqayıt şəhərlərində sosioloji sorğu keçirib. Sorğuda 500 respondent iştirak edib. Onların 55 faizi kişi, 45 faizi qadın olub. İştirakçıların 57 faizini gənclər təşkil edib. Respondentlər müxtəlif peşə sahibləri, ziyalılar, işsizlər və evdar qadınlar olublar. Nəticələr aşağıdakı kimidir:
I. Seçkilərdə aşağıdakı siyasətçilərdən hansına səs verəcəksiniz?
1. H.Əliyev, yaxud İ.Əliyev - 61,7 faiz
2. L.Şövkət - 8,7 faiz
3. E.Məmmədov - 8,2 faiz
4. İ.Qəmbər - 7,4 faiz
5-6. Ə.Kərimli - 5 faiz
5-6. Y.Oğuz - 5 faiz
7. S.Rüstəmxanlı - 2,3 faiz
8. İ.İsmayılov - 1 faiz
9. Q.Həsənquliyev - 0,3 faiz
10-11. H.Hacıyev - 0,2 faiz
10-11. A.Səmədov - 0,2 faiz
Qeyd: Siyasi reytinqlərin bu cür nisbəti prezidentliyə namizədlərin təbliğat kampaniyasının effekti ilə birbaşa bağlıdır.
1. H.Əliyev, yaxud İ.Əliyevin təbliğatı peşəkarlığı və səmərəliliyi ilə seçilir. Həm real siyasi addımlar, həm beynəlxalq və daxili dəstəyin getdikcə artması, həm də təşviqat materiallarının daha peşəkar hazırlanması iqtidarın namizədlərinin reytinqini hiss ediləcək dərəcədə artırıb. Ötən ayla müqayisədə bu, 10 faizdən çoxdur. Teleçıxışda İ.Əliyevin təmkinli fikirləri və teledebatlarda H.Əliyevlə İ.Əliyevi təmsil edənlərin sanballı davranışları respondentlərin rəyinə təsir göstərib. Bunlara İ.Əliyevin Baş nazir kimi keçirdiyi görüşlərdən yaranan təəssüratları da əlavə etmək lazımdır.
2. Lalə-Şövkətin reytinq cədvəlində bir neçə pillə irəliləməsi seçkidə tutduğu müstəqil mövqeni qorumaqda davam etməsinin nəticəsidir. Onun ilk videoblokda yaratdığı təbliğat effekti, ikinci teleçıxışda ittihamsız danışaraq millətçi mövqe nümayiş etdirməsi və əsasən ümummilli məsələlərə fikir verməsi nəticəsini göstərir. Lalə xanımın Dağlıq Qarabağ məsələsində Türkiyə ilə hərbi-siyasi müttəfiqliyə əsas rol ayırması da ictimai rəyə müsbət təsir edən amildir.
3. Təbliğat kampaniyasının ilk iki həftəsini E.Məmmədov üçün də uğurlu saymaq olar. Doğrudur, ötən ayla müqayisədə onun səs faizində elə bir dəyişiklik olmayıb. Həm də o, L.Şövkət qədər konstruktiv görünməyib. Lakin E.Məmmədov bəzi həmkarları kimi də radikallığı hədsiz səviyyəyə çatdırmayıb. Onun dövlət başçısı haqda bir kobud ifadəsindən başqa qıcıqlandırıcı fikri olmayıb. Buna baxmayaraq, E.Məmmədovun mövqeyini dayanıqlı saymaq olmaz. Çünki hələlik bu namizəd seçki platformasının konkret sahələrə aid hissəsini açıqlamayıb. Populizm üzərində uzunmüddətli uğur qazanmaq mümkün deyildir.
4. İsa Qəmbərin reytinqdə geriləməsi normal haldır. Onun birinci və ikinci teleçıxışı zəif təsir bağışladı. İ.Qəmbər seçkiqabağı təqdim edilən obrazına uyğun gəlmədi. Bu da ictimai rəyə dərhal təsirini göstərdi. İkinci amil Müsavat Partiyasının çox radikal xətt götürməsi ilə bağlı ola bilər. Həm funksionerlər, həm də onlara bağlı mətbu orqanlar obyektiv mövqe nümayiş etdirmirlər. Seçici bunu görür və adekvat reaksiya verir. İ.Qəmbərin seçki platformasını kifayət qədər effektli açıqlaya bilməməsi də mənfi təsir göstərən səbəblərdəndir.
5-6. Əli Kərimli demək olar ki, ən çox mövqe itirəndir. “İslahatçılar”ın təmsilçisi ilin əvvəlində yığdığı siyasi xalları xərcləməkdədir. Onun teleçıxışlarda nümayiş etdirdiyi natiqlik qabiliyyətini komandasının radikal davranışları və tabeliyində olan mətbu orqanların prezidentliyə namizədlər haqqında qərəzli mövqeyi heçə endirir. Eyni zamanda, Ə.Kərimli çıxışında emosional ittihamlara çox yer verməklə ictimai rəyi qıcıqlandırır. Son teledebatda onun təmsilçisinin təhqiramiz hərəkəti Ə.Kərimlinin siyasi reytinqinə çox pis təsir edəcəkdir.
5-6. MVP sədri Yunus Oğuz isə əvvəlki mövqeyini saxlaya bilib. O, buna təbliğat kampaniyasında təmkinli, müstəqil və real mövqe tutması ilə nail olub. Y.Oğuzun teleçıxışları ictimai rəydə ciddi reaksiya doğurub. MVP sədri prezident kürsüsü uğrunda təbliğatda seçdiyi üsul belə deməyə əsas verir ki, Y.Oğuz getdikcə reytinqini qaldırmaq imkanını saxlayır.
7. VHP-nin prezidentliyə namizədi S.Rüstəmxanlının reytinqində irəliləyişə nail ola bilməməsinin əsas səbəbi təbliğatda kifayət qədər fəal və səmərəli olmamasıdır. Onun teleçıxışları və teledebatlardakı fikirləri ictimai rəyə elə bir ciddi təsir göstərə bilmir. Bu namizədin təşviqat materialları da orijinal təsir bağışlamır. Belə davam etsə, S.Rüstəmxanlı autsayderlərlə bir cərgədə ola bilər.
8. Ədalət Partiyasının namizədi İ.İsmayılov isə ənənəvi mövqeyində qalmaqdadır. O, təbliğatını elə müstəvidə aparır ki, orada uğura ümid bəsləmək imkanı çox azdır. Bu namizədin təbliğat kampaniyasında nə sistemlilik, nə də səmərəlilik hiss olunmur. Onun orijinal görünmək istəyi ictimai rəy tərəfindən qəbul edilmir.
9. Qüdrət Həsənquliyev teleçıxışları ilə sosial bazasını itirməkdədir. Onun ortaya qoyduğu seçki platformasını bir qədər dağınıqlığı ucbatından ictimai rəy maraqla qəbul etmədi. Q.Həsənquliyev teleçıxışlarında konkret hansı siyasi-ideoloji xətti götürdüyünü tam mənası ilə aça bilmir. AXCP ənənələrinə sadiq qalan elektorat hissəsi bunu anlamır və qəbul etmir.
10. Hafiz Hacıyev haqda politoloji aspektdə nəsə demək çətindir. Onun təbliğatda tutduğu mövqenin uğur gətirə biləcəyinə ümid sıfırdır. Respondentlərin cavabları da bunu təsdiq edir.
11. Abutalıb Səmədov isə daha çox söz müstəvisində manevrlər edir. O, nə Hafiz Hacıyev kimi hədsiz radikallıq göstərir, nə də effektli təbliğat apara bilir. Azərbaycan elektoratı sözçülük müstəvisini çoxdan tərk edib. Odur ki, A.Səmədovun danışıqları hədəfə çatmır və respondentlərin ona səs verməməsi təəccüblü deyildir.
II. Sizcə, mitinqlər vasitəsilə indiki şəraitdə siyasi reytinqi yüksəltmək mümkündür?
a) Bəli - 25 faiz
b) Xeyr - 71 faiz
v) Cavab verməkdə çətinlik çəkirəm - 4 faiz
Qeyd: Azərbaycan seçicisi real nəticələr verə bilən siyasi vədlərə üstünlük verir. Kütləvi aksiyalar hazırda seçki uğuru üçün məqbul sayılmır. Bu, yeni siyasi obraza yaranan ehtiyacın ifadəsidir.
YENİ AZERBAYCAN
[09.08.2003] İLHAM ƏLİYEV BİRİNCİDİR
RESPONDENTLƏR MÜXALİFƏTİN SEÇKİLƏRƏ VAHİD NAMİZƏDLƏ GEDƏ BİLMƏYƏCƏYİ FİKRİNDƏDİRLƏR

I. Sabah seçki keçirilsə, aşağıdakı siyasətçilərdən hansına səs verərdiniz?
1. İ.Əliyev -  51,7 %
2. İ.Qəmbər - 12,8 %
3. E.Məmmədov -  8 %
4. Ə.Kərimli - 6,8 %
5. Y.Oğuz - 6,6 %
6. L.Şövkət - 5,9 %
7. S.Rüstəmxanlı - 3,1 %
8. İ.İsmayılov - 2,6 %
9. A.Əlizadə - 0,8 %
10. T.Kərimli - 0,6 %
11. Q.Həsənquliyev - 0,5 %
12. A.Səmədov -  0,2 %
13. H.Hacıyev - 0,1 %
14. İ.Şirin - 0,1 %
15. Ç.Sadıqov - 0,1 %
16. E.Musayev - 0,1 %
Prezident seçkisi uğrunda yarışın çox əhəmiyyətli mərhələsi başlayır. Ölkədə baş verən siyasi hadisələrin gərginliyi cəmiyyətin bütün təbəqələrinə ciddi təsir edir. Uyğun olaraq ictimai rəyin dəyişmə dinamikası da sürətlənir. Artıq prezidentliyə namizədlərin şanslarının dəyərləndirilməsi aktuallaşır. Son siyasi hadisələrin fonunda siyasi qüvvələrin seçkiyə hansı əməkdaşlıq formasında qatıla biləcəyi də maraq kəsb edir. "Sel" Analitik İnformasiya və Sorğu Mərkəzi bu aktual mövzulara aid Bakı şəhərində 300 respondent arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 50 faizi kişi, 50 faizi isə qadın olub. Gənclər 53 faiz, orta yaşlılar 37 faiz, yaşlılar 10 faiz təşkil edib. Respondentlər müxtəlif peşə sahibləri olublar. Nəticələr aşağıdakı kimidir.
 Qeyd: Prezidentliyə namizədlərin reytinqlərinin bu cür nisbəti son siyasi hadisələrin məntiqi baxımından izah olunandır.
   1. İlham Əliyevin hiss ediləcək fərqlə irəli çıxması onun baş nazir təyin edilməsinə verilən ictimai reaksiyanın göstəricisidir. İ.Əliyevin reytinqinə Avropa Şurasının son iclaslarında Azərbaycanın mövqeyini böyük fəallıqla müdafiə etməsi də təsir edib. Onun baş nazir təyin olunmasında Qərb və Rusiyadan dəstək gəlməsi amili də öz rolunu oynayıb.
   2. Müsavat başqanı İsa Qəmbərin reytinqinin aşağı düşməsi son hadisələr prizmasından başa düşülən görünür. Qərbdən ümid edilən dəstəyin olmaması, daxildə elə bir ciddi təbliğatın aparılmaması, müxalifət sıralarında davam edən çəkişmələr İ.Qəmbərin şansını azaldıb.
   3. Etibar Məmmədov hələ real və təsirli siyasi gedişi ortaya qoya bilməyib. Onun müxalifətin qurumları daxilindəki fəaliyyəti də başqalarından seçilmir. AMİP hələ də seçki platformasını açıqlamayıb, seçkiyə necə qatılacağı məlum deyil. Onun da Qərbdən dəstəyini itirməsi öz təsirini göstərir. Respondentlər E.Məmmədova münasibətdə qeyri-müəyyənliklərini saxlamaqdadırlar.
   4. Əli Kərimli qışda qazandığı imici xərcləməkdədir. MM-də ünvanına söylənənlər və son hadisələr zamanı dəstək görməməsi onun reytinqini aşağı salıb. Ə.Kərimli müstəqil olaraq elə bir ciddi siyasi gediş etməyib.
   5. Yunus Oğuzun reytinqdə irəliləməsi qarışıq siyasi proseslərdən kənarda durması, seçki platformasını daha fəal təqdim etməsi və təbliğatda onun ayrı-ayrı tərəflərini qabartması ilə izah olunur. Y.Oğuzun ideoloji konsepsiyada millətsevərlik, barış və türkçülüyə istinad etməsi, dayanıqlı iqtisadi inkişaf vəd etməsi cəmiyyət tərəfindən anlaşıqlıqla qarşılanır.
   6. L.Şövkət yaz aylarına nisbətən fəallığını artırıb, seçki platformasını tədricən təqdim etməyə başlayıb.
   7. Sabir Rüstəmxanlı həm siyasi addımlarında fəaldır, həm də təbliğat müstəvisində mühüm irəliləyişlər edib.
   8. İ.İsmayılov son siyasi gedişləri ilə "sol" düşərgəyə və Rusiyaya bağlılığını təsdiqlədi. Buna baxmayaraq, İ.İsmayılov reytinqini yüksəldə bilib.
   9. A.Əlizadə siyasi səhnədə çox az göründüyündən, seçki konsepsiyası məlum olmadığından və sosial-demokrat ideyasının qeyri-populyarlığından reytinq cədvəlinin sonlarında qərarlaşıb.
   10. T.Kərimli siyasi taleyini Rusiyapərəstlərə bağlamaqla taleyini həll edib. Onun nə siyasi konsepsiyası, nə də seçki platforması bəlli deyil. Son siyasi manevrləri də siyasi mövqeyinə pis təsir edib.
   11. Q.Həsənquliyev "cəbhəçi" kimi seçki platformasında hansı fərqli cəhətləri ortaya qoyacağını deməyib. Onun konseptual ideyaları da bəlli deyil. Seçici üçün Q.Həsənquliyev "qapalı obyekt"dir".
   12. A.Səmədov siyasi səhnədə son 6-7 ayda, demək olar ki, görünməyib. Onun hər hansı seçki platforması ortaya qoyacağına inam azdır. Odur ki, respondentlər onu "görə bilmirlər".
   13. H.Hacıyev heç bir konsepsiya və platforma ortaya çıxarmayıb. Təbliğatda fəallığı gözə dəymir. Seçici H.Hacıyevi, demək olar ki, tanımır.
   14. İ.Şirin Elçibəy hökumətinin baş prokuroru imicini xərcləmiş, ancaq əvəzində yeni heç nə ortaya qoymayan siyasətçi obrazına malikdir. Respondentlər onu da "hiss etmirlər".
   15. Ç.Sadıqov AMİP - AXCP (i) - Tərəqqi sazişini imzalayanlardan biri olmaqdan başqa imicə malik deyil. Onun hər hansı siyasi konsepsiyaya və platformaya malik olduğu məlum deyil.
   16. E.Musayevi, demək olar ki, respondentlərin əksəriyyəti tanımır. Onun siyasi mövqeyi haqda təsəvvür çox cüzidir. Odur ki, reytinqin son pilləsində qərarlaşması təsadüfi deyil.
   II. Sizcə, müxalifət prezident seçkisinə vahid namizədlə gedə biləcək?
   a) Hə - 24,3 %
   b) Yox - 65,5 %
   v) Cavab verməkdə çətinlik çəkirəm - 10,2 %
   Qeyd: Əvvəlki sorğularda alınan nəticələrə uyğunluq müxalifətin seçici inamını qazana bilməməsini göstərir. Bir neçə aylıq fəaliyyət respondentlərin onlar haqqındakı fikrinə elə bir dəyişiklik etməyib. Deməli, insanlar hələ də sözlə əməl arasında fərqi görürlər. 

daha çox oxuyun    [1] [2] [3] [4]

"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info